“Nüvə sazişi bizə yox, Rusiyaya sərfəlidir” – Tramp

  17 İyul 2018    Oxunub : 597
“Nüvə sazişi bizə yox, Rusiyaya sərfəlidir” – Tramp
İranla nüvə sazişinin qorunub saxlanması Moskva üçün faydalıdır, amma Vaşinqton üçün sərfəli deyil.
AzVision.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Helsinkidə rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüşün yekunlarına dair "Fox News" telekanalına verdiyi müsahibədə deyib.

“Mən düşünürəm ki, o (Vladimir Putin – red.), İranla nüvə razılaşmasını qoruyub saxlamaq istərdi. Çünki bu, Rusiya üçün yaxşıdır, onların İranla biznesi var. Amma nüvə sazişi bizim ölkəmiz və son nəticədə, bütün dünya üçün yaxşı deyil”, - deyə Tramp bildirib.

Qeyd edək ki, ABŞ 8 mayda İranla olan nüvə sazişindən birtərəfli qaydada çıxaraq, Tehrana qarşı enerji və maliyyə sanksiyalarını bərpa edəcəyini, həmçinin yeni növ saksiyalar tətbiq edəcəyini deyib. ABŞ Dövlət Departamenti bəyan edib ki, sanksiyaların ilkin mərhələsi 6 avqustdan qüvvəyə minəcək və İranın avtomobil sənayesi və qızıl ticarəti sahələrini əhatə edəcək. Digər məhdudiyyətlər, o cümlədən enerji sanksiyaları isə noyabrın 4-dən tətbiq ediləcək.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: ABŞ   İran   Rusiya   nüvə   sanksiya