Sürücülərə şad xəbər: İşiniz daha da asanlaşdı

Sürücülərə şad xəbər: İşiniz daha da asanlaşdı
  17 İyul 2018    Oxunub:9896
Hazırda foto-video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən yol hərəkəti qaydaları əleyhinə xətalar barədə əvvəlcə elektron protokol tərtib edilir, daha sonra isə 10 gün ərzində şikayət edilməzsə qərara çevrilir. Bu lazımsız mərhələ ləğv edilir, birbaşa elektron qərar çıxarılacaq. Yəni bu dəyişiklərdən sonra “qərarlı protokol”, “qərarsız protokol” daha olmayacaq.
AzVision.az xəbər verir ki, hazırda yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar inzibati qərarlar şəxsin ünvanına çatdırıldıqdan sonra qüvvəyə minir.

Dəyişikliyə əsasən, belə inzibati qərarlar, onlar barədə SMS məlumat çatdırıldığı vaxtdan 20 gün ərzində qüvvəyə minəcək. Belə ki, yalnız “ASAN ödəniş” sistemindən gələn SMS məlumatların hüquqi qüvvəsi vardır. Bu SMSlər asanpay.az saytında qeydiyyatdan keçmiş şəxslərə ödənişsiz olaraq göndərilir. Heç bir digər operatorlardan gələn SMSlər hüquqi nəticələrə səbəb olmur.

Əvvəllər elektron protokol inzibati xətanın törədildiyi gündən bir ay müddətində “ASAN ödəniş” sistemindəki elektron kabinetində yerləşdirilməzdisə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməzdi, protokol isə etibarsız hesab edilirdi. Yeni dəyişikliklərə əsasən, bu müddət 1 günədək azaldılıb. Yəni 1 gün ərzində elektron qərar şəxsin elektron kabinetində yerləşdirilməzsə etibarsız hesab olunmalıdır, belə qərara görə cərimə ödənişi tələb edilə bilməz, dəbbə pulu hesablana bilməz. Odur ki, bütün sürücülərə tövsiyə olunur ki, asanpay.az saytında qeydiyyatdan keçsinlər. Burada işlək mobil telefon nömrələrini qeyd etsinlər ki, vaxtında xəbərdar edilsinlər.

Yeni qanuna əsasən, nəqliyyat vasitələrinin texniki baxışdan keçməməsinə görə inzibati xəta elektron qaydada müəyyən edilən xətaların siyahısına daxil edilir. Hazırda icbari sığorta müqaviləsi bağlanmamasına görə inzibati xətalara tətbiq edilən qaydalar artıq bu növ xətalara da şamil ediləcək.

“Yol hərəkəti haqqında” qanuna edilən dəyişikliyə əsasən texniki baxışın keçirilməsi qaydalarında da dəyişikliklər edilib. Texniki baxış zamanı nəqliyyat vasitəsində müəyyən edilən nöqsanlar qeyd olunmalı, bildiriş şəklində sürücüyə verilməli və aradan qaldırılması tövsiyə olunmalıdır. Nöqsanların mövcudluğu texniki baxış talonunun verilməsindən imtina üçün əsas olmayacaq. Sürücü üzərinə vəzifə qoyulur ki, nöqsanları növbəti texniki baxışa qədər aradan qaldırsın.

Nəqliyyat vasitəsi texniki baxışdan keçdikdə müvafiq elektron talon tərtib olunur və şəxsin elektron kabinetinə və elektron ünvanına göndərilir. Sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri üçün nöqsanların dərhal aradan qaldırılması vəzifəsi saxlanılıb.

Dövlət rüsumu haqqında qanuna edilən dəyişikliyə görə artıq avtonəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanları hərrac vasitəsilə satılacaq. Online şəkildə təşkil ediləcək hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən ediləcək.

AzVision.az


Teqlər: Sürücü   Cərimə  





Xəbər lenti