Rəsul Quliyev Müsavatı parçalayır - Partiyada qarşıdurma

Rəsul Quliyev Müsavatı parçalayır - Partiyada qarşıdurma
  17 İyul 2018    Oxunub:13957
Müsavatda qurultay öncəsi gərgin anlar yaşanır. Partiyada istefaların olduğu, hətta istefa verən başqan müavinləri və dəstəkçilərinin Tofiq Yaqublunun çətiri altında Arif Hacılıya qarşı birləşməsi haqda əvvəlcədən xəbər vermişdik.
Ötən gün isə daha maraqlı hadisə baş verib. Belə ki, Arif Hacılıya etiraz olaraq partiyadan istefa verən Məclis üzvü Vasif Sadıqbəyli Rəsul Quliyevin maliyyələşdirdiyi Gələcək Azərbaycan Partiyasına (GAP) keçib. Hansı ki, Rəsul Quliyevlə Müsavatın, xüsusən də Arif Hacılının münasibətlərinin normal olmadığı hər kəsə bəllidir.



Məlumata görə, Vasif Sadıqbəyli ilə GAP sədri Ağasif Şakiroğlunun dostluq münasibətləri var. Çox güman ki, Sadıqbəyli partiyada rəhbər vəzifəyə gətiriləcək. Bu isə Rəsul Quliyevin Arif Hacılıya böyük zərbəsi kimi qəbul oluna bilər. Amma müsavatçılar bununla barışmaq niyətində deyillər. Onlar sosial şəbəkələrdə Sadıqbəylinin “top atəşi”nə tutublar.

Məsələn, başqan müavini Fərəc Kərimli yazıb: “Adam bu qədər vicdanını necə itirir, baş düşə bilmirəm. Niyə yalan danışırsan? Bunu yazıb nə vaxtsa, bir kişi kimi mənlə necə üz-üzə gələcəksən? Özünə hörmət qoy. İstefa vermənin səbəbini biz ona görə açıqlamadıq ki, camaatın lağ yeri olmayasan”.



Sadıqbəylinin cavabı daha sərt olub: “Fərəc Kərimli, vicdan və şərəf məsələsində, mənə qarşı şübhələnəcək ən sonuncu adam sən olmalısan. Məni Müsavat başqanının müşaviri vəzifəsinə təyin edəcəyinizi vəd etmişdiniz. Bunu mən deməmişdim. Partiya Məclisinə üzvlük namizədliyimi necə məcburi verdiniz ki, yerlər boş qalır”.

O, həmçinin F.Kərimlini “trolluq” etməkdə suçlayıb və ittihamlar davam edib. “Heç vaxt saxta profildən istifadə etməmişəm. Zamanında ən böyük profillərin, böyük səhifələrin ("Azəri qızı Günel" və başqa səhifələr) parollarını sən qırmamısanmı? İstəsən, həmin səhifələrin indiki adlarını da açıqlayaram. Niyə bir aydır susmuşdun? Çünki tapşırıqla idarə olunursan. Yerinə yetirməsən cəzan ağır olar. Sonda onu da deyim ki, iç üzünüzün açıldığına sevindim və bir daha sizlərlə yolumu ayırdığıma görə qürurlandım... Getdikcə daha da batırsınız”.



Maraqlıdır ki, Vasif Sadıqbəylinin qardaşı Əbülfəz Sadıqbəyli Müsavatın Gənclər Təşkilatının sədridir. Partiyada hər kəs onun son olaylara necə reaksiya verəcəyini gözləyir. Doğrudur, hələlik o, qardaşının atdığı addıma sükutla cavab verir. Onun qardaşının mövqeyini bölüşmədiyi deyilsə də, partiyada Vasif Sadıqbəyliyə açılan savaşda sona qədər susqunluğunu qoruyacağı inandırıcı görünmür.

Partiyadakı mənbənin bildirdiyinə görə, Müsavatda yeni istefaların olacağı gözləniləndir. Çünki partiyada əksəriyyət Arif Hacılının idarəçiliyindən narazıdır və Vasif Sadıqbəylinin haqlı olduğunu düşünür. Eyni zamanda Əbülfəz Sadıqbəylinin ətrafındakı gənclər də bu durumdan xoşhal deyil və onlar da partiyadan getmək üçün bu fürsəti dəyərləndirəcəklər.

İddialara əsasən, Rəsul Quliyev Müsavat və AXCP hesabına öz partiyasını gücləndirməyi qarşısına məqsəd qoyub. O, müxtəlif yollarla - daha çox pul vəd edərək AXCP və Müsavat üzvlərini ətrafında birləşdirməyə başlayıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Rəsul-Quliyev   Müsavat  





Xəbər lenti