Azərbaycanda peşəkar sürücü kadrları hazırlanacaq

Azərbaycanda peşəkar sürücü kadrları hazırlanacaq
  18 İyul 2018    Oxunub:7382
Ölkəmizdə təhlükəsiz daşımaların həyata keçirilməsi ilə bağlı ən sərt tədbirlərin görülməli olduğu sahə sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşə hazırlığı ilə əlaqədar təkmilləşdirmə layihələrinin hazırlanmasıdır.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova AzVision.az-a bildirib ki, bu baxımdan, daşımalarla məşğul olan sürücülərin hazırlanmasını həyata keçirən tədris müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə NRYTN yanında DANX tərəfindən “Təhlükəsiz xidmət-peşəkar sürücü” Konsepsiyası əsasında kompleks tədbirlər planı hazırlanıb.

Bildirilib ki, tədbirlər planının əsas bəndi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin nəzdində fəaliyyət göstərən və böyük tarixə malik Təlim-Tədris Mərkəzinin maddi-texniki bazasının yaxşılaşdırılmasına dair görüləcək işlərin beynəlxalq təcrübəyə əsaslanaraq həyata keçirilməsindən ibarətdir. Bu mərkəzdə ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları həyata keçirən sürücülərin, habelə taksi sürücülərinin xüsusi proqram əsasında peşə fəaliyyətinə və davranışına uyğun hazırlanması planlaşdırılıb. Mərkəzdə Beynəlxalq Nəqliyyat Forumunun Keyfiyyət Xartiyasına uyğun tədrisin təşkil olunması vasitəsilə həm sürücülər, həm də mütəxəssislər üçün vacib olan beynəlxalq sertifikatlar vermək hüququnu əldə etmək nəzərdə tutulub.

Qeyd olunub ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Təlim-Tədris Mərkəzi Respublikamızda müxtəlif kateqoriyalar, o cümlədən “A” kateqoriyası üzrə peşəkar sürücü kadrların hazırlanması istiqamətində fəaliyyət göstərən ilk tədris müəssisəsidir. Tədris müəssisəsi ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrinin sürücülərinin peşə hazırlığının artırılması istiqamətində də fəaliyyət göstərir.

Təlim-Tədris Mərkəzində əyani vəsait və avadanlıqlarla təchiz olunan “A”, “B”, “BC”, “D”, “BE”, “CE”, “DE” kateqoriyaları üzrə sinif otaqları, Simulyator otağı, eləcə də taksi minik avtomobili sürücülərinin, avtobus sürücülərinin peşə fəaliyyətinə və davranışına dair kursların aparılması üçün tədris kabinetləri və imtahan zalı mövcuddur.

İndiyə qədər Təlim-Tədris Mərkəzinin tədris bazasında müvafiq kateqoriyalar üzrə və peşə fəaliyyətinə və davranışına aid təşkil olunan kurslarda eyni zamanda 150-200 müdavim təhsil ala bilirdisə, yeni plana uyğun olaraq 300-400 müdavimin təhsil alması üçün şərait təmin olunacaq.

Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə əsasən ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair xüsusi proqram üzrə hazırlıq keçməli, habelə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlar barədə zəruri biliklərə malik olmalıdırlar. Taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər.

Eyni zamanda, beynəlxalq yük daşımalarında istifadə edilən avtonəqliyyat vasitələrinin sürücüləri beynəlxalq yük daşımalarına dair beynəlxalq konvensiyalar, sazişlər və digər sənədlər, habelə bu daşımaların xüsusiyyətləri barədə zəruri biliklərə malik olmaq üçün proqram üzrə xüsusi hazırlıq keçməlidirlər.

Yuxarıda sadalanan qaydalara əməl etmə ilə bağlı sərnişin və yükdaşımada qarşıya çıxan problemlərin əsas mərkəz xəttinin məhz standarlara və tələblərə cavab verməyən, qeyri-peşəkar sürücülərlə bilavasitə əlaqəli olduğunu nəzərə alaraq, DANX, sadalalnan problemlərin həlli ilə bağlı görüləcək tədbirlərin siyahısına beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi məslələrini də vacib bənd olaraq daxil edib. Belə ki, Beynəlxalq Nəqliyyat Forumunun Keyfiyyət Xartiyasının tələblərinə uyğun olaraq beynəlxalq daşımalarda iştirak edən sürücülərlə yanaşı menecerlərin də xüsusi təlim keçməsi nəzərdə tutulub.

Sürücülərə beynəlxalq səviyyədə tanınan müvafiq sertifikatların verilməsi hüququnu əldə etmək məqsədilə müvafiq beynəlxalq sertifikatların əldə edilməsi planlaşdırılıb.

Yuxarıda göstərilən təlimlərin effektiv təşkili məqsədilə Təlim-Tədris Mərkəzinin maddi texniki bazasını yaxşılaşdırmaq və fəaliyyətini müasir tələblər çərçivəsində qurmağa dair ilkin prosesə artıq start verilib.

Həyata keçirilməsi nəzərdə tutulan bütün layihələr daşımaların təhlükəsizliyinin təmin edilməsi, daşıyıcılar arasında sağlam rəqabət mühitinin formalaşdırılması niyyətini güdür və 2019-cu ilin yanvar ayından etibarən icra edilməsi planlaşdırılıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: DANX   Sürücü  





Xəbər lenti