Tikintidə 809 nəfər qanunsuz işlədilib

  18 İyul 2018    Oxunub : 2251
Tikintidə 809 nəfər qanunsuz işlədilib
Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı tikinti şirkətlərində səyyar monitorinqlər davam etdirilir.
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən AzVision.az-a verilən məlumata görə, proses Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli 1349 nömrəli fərmanına əsasən yaradılmış Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən gerçəkləşdirilir.

Dövlət orqanları tərəfindən tikinti şirkətləri ilə bağlı mərkəzə daxil olan məlumatlar ilkin olaraq Analitik Monitorinq Sistemi vasitəsilə təhlil edilir və əsas yarandığı halda mərkəzin Səyyar monitorinq qrupu tərəfindən tikinti obyektlərində səyyar monitorinqlər həyata keçirilir. Bu günədək keçirilmiş 71 monitorinq Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan 131 hüquqi və fiziki şəxsi əhatə edib.

Monitorinqlər zamanı yoxlanılmış işçilərdən 809 şəxsin əmək və ya xidməti (mülki) müqavilə olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkarlanıb.

Aşkar olunmuş faktlar üzrə müvafiq tədbirlərin görülməsi məqsədilə 37 hüquqi və fiziki şəxsə aid məlumatlar aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və 36 hüquqi və fiziki şəxsə aid məlumatlar isə aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna yönləndirilib.

Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda (on nəfər və ondan çox olan) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi bildirir ki, əmək müqavilələri elektron formada rəsmiləşdirilməli, əmək bildirişləri sistemində müqavilə hüquqi qüvvəyə minmədən işçi tikinti ərazisində işə cəlb olunmamalıdır.

Monitorinqlərin keçirilməsində məqsəd tikinti sahəsində vətəndaşların əmək hüquqlarının qorunması, sosial təminatlardan yararlanmasının təmin edilməsi və əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsindən ibarətdir. Səyyar monitorinqlər davam etdirilir və nəticələri mütəmadi olaraq ictimaiyyətə açıqlanacaqdır.

AzVision.az

Teqlər: Tikinti