YAP ümumrespublika müşavirəsi keçirib

  18 İyul 2018    Oxunub : 2082
YAP ümumrespublika müşavirəsi keçirib
İyulun 18-də Yeni Azərbaycan Partiyası (YAP) rayon və şəhər təşkilatları sədrlərinin iştirakı ilə ümumrespublika müşavirəsi keçirilib.
Müşavirədə çıxış edən Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib ki, bu gün Azərbaycan sürətlə inkişaf edir, yeniləşir, müasirləşir. O, Azərbaycanın dünyada mövqelərinin daha da möhkəmləndiyini diqqətə çatdırıb: “Azərbaycan regionun lideri adını şərəflə daşıyır, bir sıra beynəlxalq layihələri uğurla həyata keçirir və eləcə də böyük layihələrin təşəbbüskarı qismində çıxış edir. Bütün bunların hamısı beynəlxalq miqyasda ölkəmizin rolunu və əhəmiyyətini ciddi şəkildə artırır. Bütün bunlarla yanaşı, Azərbaycanın gələcəklə bağlı böyük planları var”.

Aprelin 11-də Azərbaycanda prezident seçkilərinin keçirildiyini xatırladan Əli Əhmədov seçkilərdə İlham Əliyevin seçicilərin mütləq əksəriyyətinin dəstəyi ilə parlaq qələbə qazandığını diqqətə çatdırıb. O, qarşıdakı 7 il ərzində də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük nailiyyətlər qazanacağına əminliyini ifadə edib.

Bir neçə gün öncə Gəncə şəhərində baş verən təxribatlar barədə danışan Əli Əhmədov vurğulayıb ki, iyulun 3-də və 10-da Gəncədə baş verən hadisələr Azərbaycan dövlətçiliyinə və cəmiyyətinə qarşı törədilmiş məkrli təxribat nümunəsidir. Azərbaycan xalqı bu təxribatın cavabını layiqincə verdi, onu, necə deyərlər, yerindəcə boğdu. Ümumiyyətlə, indiyə qədər də Azərbaycana qarşı müxtəlif təxribatlar törədilib, lakin iflasa uğrayıb. Gəncədə baş verən təxribatın fərqli cəhəti onun din pərdəsi altında həyata keçirilməsidir.



Əli Əhmədov vurğulayıb ki, xalqımız öz milli mənəvi dəyərlərimizə daim hörmətlə yanaşıb. “Azərbaycanda heç vaxt dini radikalizm olmayıb, amma vaxtilə siyasi radikalizmin ölkəyə necə ziyan gətirdiyinin şahidi olmuşuq. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə ölkəmizdə siyasi radikalizmə də son verilib və sabit inkişafın əsası qoyulub”, - deyən Baş nazirin müavini qeyd edib ki, Azərbaycandakı inkişafın da əsasını ölkədəki sabitlik təşkil edir. Əli Əhmədov milli mənəvi dəyərlərin kontekstində dinin rolu, cəmiyyət, dövlət və din münasibətləri, ölkəmizdə islami dəyərlərə göstərilən qayğıdan ətraflı danışıb. Bildirib ki, Prezident İlham Əliyevin diqqəti sayəsində Azərbaycandakı bütün dini-tarixi abidələr bərpa olunub və yeniləri inşa edilir. Din və müasirlik mövzusuna toxunan Baş nazirin müavini bildirib ki, Azərbaycan cəmiyyəti müasir olmaqla yanaşı, öz dəyərlərinə sadiqdir və gənclərimiz müasir dünyanın tələb və çağırışlarını yaxşı dərk edir.

“Azərbaycanda sabitlik, əmin-amanlıq və dinclik hökm sürür. Bu, cəmiyyətimizin reallığıdır və dünya tərəfindən də etiraf olunur. Təbii ki, bu faktorlar Azərbaycanı sevməyən qüvvələrdə qıcıq yaradır. Bütün bunlar həmin qüvvələr tərəfindən məkrli niyyətlərin meydana gəlməsinə səbəb olur və ölkəmizə qarşı təxribatlar hazırlayırlar. Gəncə hadisələri də bunun bariz nümunəsidir”, - deyə YAP sədrinin müavini vurğulayıb.



Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov çıxışında bildirib ki, din amilindən sui-istifadə edən ekstremist qüvvələr ənənəvi milli mənəvi dəyərlərimizə sadiq qalan dindarların dəstəyini qazana bilmədilər, əksinə, onların qınağına tuş gəldilər. Çünki dövlət-din münasibətlərinin möhkəm təməllər üzərində qurulduğu ölkəmizdə dindarlara daim dövlət tərəfindən diqqət və qayğı göstərilir. Buna Gəncə şəhərində yaşayan dindarlar da şahiddir. Prezident İlham Əliyevin göstərişi ilə Gəncədəki “İmamzadə” ziyarətgah kompleksinin yenidən qurulması, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qayğısı ilə Şah Abbas Cümə və Həzrət Zeynəb məscidlərinin təmir və bərpa olunması, ibadət yerlərinin pulsuz təbii qazla təmin edilməsi, dini icmalara maliyyə yardımının göstərilməsi deyilənlərə əyani sübutdur. Hazırda Gəncə şəhərində təyinatı üzrə altı məscid və bir ziyarətgah kompleksi fəaliyyət göstərir. Həmin ibadət yerlərinə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən rəsmi din xadimləri təyin edilib və onlara Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə maddi dəstək verilir. Dövlətimizin gördüyü bu işləri həqiqi və saf dini dəyərləri yaşayan dindarlarımız yüksək səviyyədə qiymətləndirir, Azərbaycan hökumətinin həyata keçirdiyi tolerant və multikultural siyasəti dəstəkləyirlər.

Gəncə şəhərində baş verən hadisələrə toxunan Etibar Nəcəfov qeyd edib ki, özlərini din təəssübkeşləri kimi təqdim edən ekstremist qüvvələr öz çirkin əməllərini həyata keçirərkən cəmiyyətin bütün təbəqələrinin, o cümlədən dini və etnik konfessiyaların nümayəndələrinin etirazı ilə üzləşdilər. Onların dini etiqad azadlığı uğrunda mübarizə apardıqları iddiası gerçəkliyə uyğun deyil. Azərbaycanda dini etiqad azadlığının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla aparılan multikulturalizm siyasəti vasitəsilə təmin olunur. Məlum olduğu kimi, bu siyasət azərbaycançılığın tərkib hissəsi kimi cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasətdir. Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasının əsas göstəricilərindən biri ölkə vətəndaşlarının dini etiqad azadlığının təmin edilməsidir. Azərbaycan vətəndaşlarının dini etiqad azadlığının təmin olunması demokratik inkişaf yolu seçib, yaratdığı multikultural mühitlə və tolerantlığı ilə dünya ölkələri arasında seçilən Azərbaycan Respublikasının daxili siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan dövləti ölkə vətəndaşlarının dini etiqad azadlığına onların hüquq və azadlıqlarının tərkib hissəsi kimi yanaşır. Ölkə vətəndaşlarının dini etiqad azadlığı Azərbaycan Respublikası Konstitusiyasına, “Dini etiqad azadlığı haqqında” Qanuna və digər normativ hüquqi aktlara əsaslanır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı çıxış edərək Azərbaycandakı dövlət-din modelindən danışıb. Qeyd edib ki, bu modelin əsas müddəaları və prinsipləri Ulu Öndərin müəllifi olduğu və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq maddələrində öz əksini tapıb. Azərbaycan hüquqi, dünyəvi, demokratik ölkədir və Azərbaycan dövləti milli mənəvi dəyərlərə, İslam dini ilə yanaşı, digər konfessiyalara da çox böyük diqqət və qayğı göstərir. Məhz buna görə də Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələri həm İslam ölkələri, həm də bütün dünya tərəfindən nümunə olaraq öyrənilməkdədir. Bu gün Azərbaycanda bütün məzhəblər arasında münasibətlərin yüksək səviyyədə olması, vəhdət namazlarının qılınması, məscidlərdə möminlərin öz ibadətlərini sərbəst şəkildə yerinə yetirməsi üçün hərtərəfli şərait yaradılıb və bütün bu tədbirlər onu göstərir ki, ölkəmizdə dini sahədə böyük bir sabitlik var. M. Qurbanlı bildirib ki, həm iyulun 3-də, həm də iyulun 10-da Gəncədə cinayət hadisələrini törədənin və bu ssenarini hazırlayanların əsas məqsədi həmin cinayətlər vasitəsilə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq, Gəncəbasar bölgəsində öz cinayətlərini daha böyük əraziyə yaymağa cəhd göstərmək və ölkəmizin müstəqilliyinə zərbə vurmaq olub. Lakin həmin ssenarini həyata keçirmək istəyənlər, eyni zamanda, onun icraçıları tam iflasa uğradılar. Prezident İlham Əliyev baş vermiş hadisələrlə əlaqədar hüquq-mühafizə orqanlarının rəhbərləri ilə keçirdiyi müşavirədə bu hadisələrin tam siyasi-hüquqi qiymətini verib.

Mübariz Qurbanlı əlavə edib ki, tarixən Azərbaycanda dinlər, məzhəblər və təriqətlər arasında heç zaman qarşıdurma olmayıb. Ona görə də Azərbaycanda hər hansı ekstremist qüvvələrin dini istiqamətdə təxribatlar törədərək dövlət müstəqilliyimizə, eyni zamanda, dini sahədəki inkişafımıza təhlükə yaratmasına imkan verilməməlidir. İmamların məscidlərdəki dini moizələri daha çox islami dəyərlərin qorunmasına, təbliğinə yönəlməli, dini mövzuda ədəbiyyatların, yeni-yeni əsərlərin yazılması, yayılması, bu mövzuda media resurslarında kütləvi təbliğat və təşviqat işlərinin aparılması işləri genişləndirilməlidir.

Müşavirəyə yekun vuran Ə.Əhmədov YAP-ın yerli strukturlarının rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlar verib.

AzVision.az

Teqlər: YAP   Müşavirə