6 ayda Miqrasiya Xidmətinə 38360 müraciət daxil olub

6 ayda Miqrasiya Xidmətinə 38360 müraciət daxil olub
  19 İyul 2018    Oxunub:2918
“Ölkə ərazisində olma və yaşama icazələrinin, haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin, qaçqın statusunun alınması, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitam və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı birinci yarım il ərzində Dövlət Miqrasiya Xidmətinə 38 360 müraciət daxil olub”
AzVision.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qurumun 6 aylıq fəaliyyətinin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

Xidmət rəisi qeyd edib ki, daimi yaşamaq üçün icazə verilmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında 25 faiz artım qeydə alınıb və bu rəqəm 1859 olub: “2017-ci ilin müvafiq dövründə 1487 müraciət daxil olub. Bu il iyulun 1-ə olan məlumata görə, ölkəmizdə 32 648 nəfər müvəqqəti, 11 288 nəfər daimi yaşamaq üçün icazə əsasında yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs var. Hesabat dövründə Xidmətə vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı 13 341 müraciət daxil olub”.

V.Hüseynovun sözlərinə görə, xarici ölkələrdə qeyri-müəyyən vəziyyətdə yaşayan Azərbaycan vətəndaşlarının readmissiya ilə bağlı 640 şəxs haqında 322 sorğu daxil olub: “Azərbaycan Respublikasının 206 vətəndaşının readmissiyası həyata keçirilib. Miqrasiya qanunvericiliyinin tələblərini pozan 9603 əcnəbi və vətəndaşlığı olmayan şəxs, həmçinin ölkə vətəndaşları barəsində müvafiq qərarlar qəbul edilib. Bu da ötən dövrlə müqayisədə 2 faiz artım deməkdir”.

Elvin Abdulqədirov
AzVision.az



Teqlər: Vüsal-Hüseynov   Miqrasiya-Xidməti  





Xəbər lenti