Kiyevdə Maqomayev adına parkın açılışı olub

  19 İyul 2018    Oxunub : 2103
Kiyevdə Maqomayev adına parkın açılışı olub
Ukrayna paytaxtı Kiyev şəhərinin mərkəzi ərazisində dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq Artisti Müslüm Maqomayev adına parkın təntənəli açılış mərasimi olub.
Azərbaycanın Ukraynadakı səfirliyindən AzVision.az-a verilən məlumata görə, açılış mərasimində Azərbaycan və Ukraynanın mədəniyyət nazirləri Əbülfəs Qarayev və Yevgeni Nişuk, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Kiyev şəhər Dövlət Administrasiyasının rəhbərinin müavini Aleksandr Spasibko, xarici ölkələrin Ukraynadakı səfirləri, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, aparıcı KİV nümayəndələri iştirak ediblər.

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı və tövsiyəsi əsasında şəhərin mənzərəli yerində belə bir park salınıb. O vurğulayıb ki, səfirlik Ukrayna ərazisində bir neçə bu cür istirahət parklarının salınması üçün işlərini davam etdirəcək.

Kiyevin mərkəzində belə bir parkın açılmasının tarixi hadisə olduğunu qeyd edən nazir Ə. Qarayev bildirib ki, Azərbaycan prezidentinin göstərişi ilə parkın açılışı ilə bağlı ölkəmizdən böyük nümayəndə heyəti iştirak edir. Nazir qeyd edib ki, bu park kiyevlilər və şəhərin qonaqları üçün gözəl istirahət məskəni olacaq: “Parkda Müslüm Maqomayevin heykəli şəhərə xüsusi gözəllik verir. Müslüm Maqomayev dünya xalqlarının sevimlisi olub”.

M. Maqomayevin Azərbaycanın dünya şöhrətli musiqiçisi, ecazkar vokal ifaçılığı ilə milyonların qəlbini fəth etdiyini vurğulayan Ukrayna mədəniyyət naziri isə deyib ki, o bir çox xalqların sarsılmaz mədəni əlaqələrinin təcəssümüdür. Y. Nişuk bildirib ki, M.Maqomayev bütün dünya mədəniyyətinə məxsus ifaçı olub.

Kiyev şəhər Dövlət Administrasiyasının rəhbərinin müavini Aleksandr Spasibko çıxışında bu cür ecazkar parkın kiyevlilərin əsl istirahət yerinə çevriləcəyinə inandığını bildirib. Heykəlin müəllifi tanınmış heykəltəraş, Ukraynanın Xalq Rəssamı Seyfəddin Qurbanov Müslüm Maqomayev kimi dahi şəxsiyyətin heykəlinin müəllifi olduğu üçün özünü xoşbəxt saydığını bildirib.

Tədbir Azərbaycan, Özbəkistan, Ukrayna və digər ölkələrin incəsənət xadimlərinin çıxışları ilə davam etdirilib. Daha sonra Kiyevin Milli Musiqi Akademiyasında Müslüm Maqomayevin xatirəsinə həsr olunan “Sən mənim nəğməmsən!” adlı konsert keçirilib.

AzVision.az

Teqlər: Kiyev   Müslüm-Maqomayev