“Hərbiyyə”yə start verildi - FOTOLAR

“Hərbiyyə”yə start verildi - FOTOLAR
  20 İyul 2018    Oxunub:6650
20 iyul 2018-ci il tarixində “ASAN xidmət”, “ASAN Könüllüləri” Təşkilatı və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə Azərbaycan Sİlahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin açılış mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Dövlət Sərhəd Xidmətinin rəisinin müavini, general-leytenant İlham Mehdiyev, Qəbələ rayon İcra hakimiyyətinin başçısı Səbuhi Abdullayev və digər qonaqlar iştirak ediblər.



“Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsi “ASAN Könüllüləri” Təşkilatı və Dövlət Sərhəd Xidmətinin hərbi simulyasiya formasında birgə təşkil etdiyi sayca ikinci yay düşərgəsidir.

Əsgər simulyasiya oyunu formasında qurulan düşərgə hərbi hissə və səhra şəraitində təşkil olunub və iştirakçılar bütün qida və gigiyenik vasitələrlə təmin olunublar. Otel və ev şəraitindən fərqli, məişət şəraitli düşərgədə 9 regiondan olan ümumilikdə 100 ASAN könüllüsü iştirak edir.



“Hərbiyyə” hərbi – vətənpərvərlik düşərgəsinin iştirakçıları müxtəlif peşəkar hərbi təlimlərə cəlb olunacaq, taktiki hazırlıq, qarovul hazırlığı, atəş hazırlığı, topoqrafiya, komandir hazırlığı və digər hərbi hazırlıqlarda iştirak edəcəklər. Həmçinin iştirakçılar üçün müxtəlif muzeylər, komplekslər eləcə də digər tarixi məkanlara ekskursiyalar təşkil olunacaq.



Düşərgənin əsas məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, eləcə də AXC tərəfindən ordu quruculuğu istiqamətində ilk qərarlardan olan Azərbaycan Silahlı Qüvvələrinin yaradılması ilə bağlı iştirakçıları maarifləndirməkdir. Könüllülər eyni zamanda Azərbaycan generallarının həyatı və onların ordu quruculuğundakı xidmətləri, ordu quruculuğu siyasətinin təkmilləşdirilməsi, inkişaf etdirilməsi istiqamətində görülən işlərlə bağlı məlumatlandırılacaqlar.













Anar Kəlbiyev
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: ASAN-Xidmət   Düşərhə   Hərbiyyə  





Xəbər lenti