Təhsil Nazirliyi jurnalistləri mükafatlandırıb
Azərbaycan mətbuatının yeni inkişaf mərhələsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan təhsil naziri qeyd edib ki, ulu öndər hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mediada qaldırılan məsələlərə həssaslıqla yanaşıb. Nazir bildirib ki, söz və mətbuat azadlığını daim diqqət mərkəzində saxlayan ölkə Prezidenti cənab İlham Əliyev mətbuatın dostu olaraq ictimai rəyin vacib aləti olan medianın çoxşaxəli fəaliyyəti üçün bütün imkanların yaradılmasını təmin edib.
Ceyhun Bayramov mətbuatın təhsil mövzusuna xüsusi diqqət və həssaslıqla yanaşmasını yüksək qiymətləndirib, media nümayəndələrini təhsilin uğurlarını, problemlərini, bu sahədə həyata keçirilən islahatları cəmiyyətə çatdırmaqda daha da aktiv olmağa çağırıb.
Media nümayəndələrini təbrik edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmiş milli mətbuatımızın xalqımızın maariflənməsində, milli dəyərlərin təbliğində mühüm vasitə olduğunu bildirib, Azərbaycanda medianın inkişafı istiqamətində zəruri tədbirlərin həyata keçirilməsindən danışıb. Sonra təhsil sahəsində həyata keçirilən islahatların, əldə olunan nailiyyətlərin ictimaiyyətə çatdırılmasında fəallığı ilə seçilən media nümayəndələri və bu sahədə çalışan təhsil işçiləri təltif olunub. Tədbirdə Azərbaycan Milli Konservatoriyası tələbələrinin ifasında musiqi nömrələri səslənib.
AzVision.az
Teqlər: Təhsil