"Paşinyan Rusiyanın nəbzini yoxlayır" - Politoloq

"Paşinyan Rusiyanın nəbzini yoxlayır" - Politoloq
  23 İyul 2018    Oxunub:3259
"Nikol Paşinyan odla su arasındadır. Ermənistanın baş naziri bir tərəfdən anlayır ki, ölkəsi Rusiyanın vassalıdır və bu asılılığı azaltmaq üçün hansısa mexanizmləri hərəkətə gətirməlidir. Ancaq digər tərəfdən bu mexanizmlərin hərəkətə gətirilməsi Moskvanın narazılığını artıracaq və bu amil Paşinyanın hakimiyyətini laxladacaq, onun əleyhinə işləyəcək"
AzVision.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Ermənistanın keçmiş prezidentləri Serj Sarkisyan və Robert Köçəryan Paşinyana qarşı pusqudadırlar.

"Paşinyan Rusiya hərbi bazasının “əvvəlcədən razılaşdırılmayan” hərbi təlimlərindən bəhanə kimi istifadə edərək bunun Ermənistana qarşı təxribat mahiyyəti daşıdığını açıqladı. Halbuki, rus generallar daha sonra açıqlama verərək Ermənistanda bu il ərzində planlaşdırılan bütün təlimlərin razılaşdırıldığını bildirdilər. Buna baxmayaraq, Paşinyan Ermənistanın Rusiya və Qərb arasındakı məsafənin balanslaşdırılması fikrindən əl çəkməyərək, indi də Rusiya sərhəd qoşunlarının Ermənistandakı statusuna əl gəzdirmək istəyir. Bu istək Moskvanın Paşinyanın siyasəti haqqında qeyri-müəyyən suallarının sayını artıracaq".



Politoloq maraqlı bir məqama diqqət çəkib və sual edib ki, Paşinyanın bütün bu addımlarından sonra Ermənistanın baş naziri silah almaq üçün Serj Sarkisyan kimi Moskvadan kredit istəyəcəkmi və Kreml belə bir istəyin qarışılığında İrəvana yenə 200 milyon dollar kredit ayırmağa hazırdırmı?

"Əlbəttə, Ermənistan Rusiyadan nə qədər çox uzaqlaşarsa, bu, həm Cənubi Qafqazın, həm də Azərbaycanın xeyrinədir. Ancaq bunun baş verəcəyi ehtimalını yüksək qiymətləndirmirəm. Paşinyan hələ ki Rusiyanın nəbzini yoxlayır, vurnuxur, Qərbin onu dəstəkləyəcəyinə əmin deyil. Ermənistan üçün Rusiyadan qopmaq asan deyil, bəlkə də mümkün deyil. Bunu istəyənlər ya devrilirlər (Levon Ter-Petrosyan kimi), ya da qətlə yetirilirlər (1999-cu ildə Ermənistan parlamentinin gülləbaran olunması).

AzVision.az


Teqlər: Paşinyan   Rusiya  





Xəbər lenti