Komitədən Türkiyə vətəndaşının iddialarına cavab

Komitədən Türkiyə vətəndaşının iddialarına cavab
  24 İyul 2018    Oxunub:2510
“İyulun 22-də sosial şəbəkələrdə Türkiyə vətəndaşı Davud Tonyalı adlı şəxsə istinadən Azərbaycan gömrük orqanlarına qarşı əsassız iddiaların yer aldığı video yayımlanıb”.
Bu barədə Dövlət Gömrük Komitəsindən AzVision.az-a daxil olan məlumatda deyilib.

Qeyd olunub ki, 64 yaşı olduğunu bildirən həmin şəxs Azərbaycan gömrüyündə problemlərlə qarşılaşdığını və ondan qanunsuz vəsait tələb olunduğunu iddia edir.

DGK bildirir ki, həmin videoda irəli sürülən iddialar tamamilə əsassızdır və gömrük orqanlarının fəaliyyətinə kölgə salmaq məqsədilə qərəzli şəkildə yayımlanıb: “Videoda irəli sürülən iddialar hər hansı fakta söykənmir. Üstəlik, vaxtı, tarixi, məkanı və kim tərəfindən qeydə alındığı məlum olmayan məlumatı verən mənbənin etibarlılığı da şübhə doğurur. Ölkəmizə səyahət edib-etmədiyinə, gömrük və ya digər dövlət orqanlarında, iddia olunduğu kimi, haqsızlıqlarla qarşılaşdığına dair faktlar olmadığı halda, hər hansı bir şəxsin dövlətin strateji qurumlarından biri haqqında əsassız iddialarını yayımlamaq ya naşılıq, ya da qərəzdir”.

Dövlət Gömrük Komitəsinin sözügedən şəxsin videodakı ad və soyadına əsaslanaraq, Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi vasitəsilə apardığı araşdırmalar nəticəsində məlum olub ki, 1955-ci il təvəllüdlü Davud Tonyalı sonuncu dəfə 2008-ci ildə Azərbaycana səyahət edib. Araşdırma zamanı həmin şəxsin gömrük orqanlarından narazılığına dair hər hansı fakt aşkar edilməyib.

“Azərbaycan gömrüyünün inkişafı göz önündədir. Dünyanın ən qabaqcıl təcrübələrindən faydalanan Azərbaycan gömrüyü artıq “bir pəncərə”, “yaşıl dəhliz”, “elektron bəyannamə” və digər mütərəqqi tətbiq və sistemləri qısa zaman kəsiyində həyata keçirib. Ümumdünya Gömrük Təşkilatı tərəfindən Azərbaycan gömrüyünün təcrübəsi bir çox ölkələrə tövsiyə edilir. Ölkəmizin sürətlə dünyanın nəqliyyat və logistika mərkəzinə çevrilməsində gömrük orqanlarının fəaliyyəti danılmazdır.

Lakin, istər dövlət, istərsə də onun strateji qurumlarından biri olan gömrük orqanlarının həyata keçirdiyi irimiqyaslı layihələri görməzdən gələrək, bu qəbildən əsassız məlumatların ictimailəşdirilməsi yalnız qərəzli xarakter daşıyır.

Dövlət Gömrük Komitəsi bir daha Komitənin və onun əməkdaşlarının fəaliyyəti ilə bağlı məlumatları yayımlayarkən, qarşı tərəfin də rəsmi mövqeyini öyrənməyi tövsiyə edir”, - deyə məlumatda vurğulanıb.

AzVision.az


Teqlər: DGK  





Xəbər lenti