6 ayda korrupsiyaya qarşı görülən işlər - HESABAT (VİDEO)

6 ayda korrupsiyaya qarşı görülən işlər - HESABAT (VİDEO)
  25 İyul 2018    Oxunub:5345
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2018-ci ilin I yarımili ərzində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev görülmüş işlər barədə ətraflı məlumat verib.

Bildirilib ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji kursun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən mükəmməl konseptual əsaslarla davam etdirilməsi ilə ötən dövrlərdə olduğu kimi 2018-ci ilin birinci yarımilində də bütün sahələrdə irimiqyaslı uğurlara imza atılıb, hüquqi-demokratik dövlət quruculuğunun inkişafına və cəmiyyətin sosial-iqtisadi rifahına hesablanmış müdrik siyasətin məntiqi nəticəsi olaraq bu il aprel ayının 11-də keçirilən demokratik, azad və şəffaf seçkilər yolu ilə xalqımız dərin inam və etimadını bir daha nümayiş etdirərək cənab İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçib.



“Ötən dövr ərzində dövlət başçısının siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter alıb, ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və hesabatlılığın təmin edilməsi və digər bu kimi korrupsiyaya qarşı mübarizə tədbirlərinə əsaslanan ardıcıl hüquqi və institusional islahatlar həyata keçirilib. Əvvəlki illərdə olduğu kimi hesabat dövründə də prokurorluq orqanları korrupsiya ilə mübarizəni öz fəaliyyətinin başlıca xətti kimi müəyyən edib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi prokurorluq orqanlarının digər qurumları ilə əlaqəli şəkildə bütün səylərini qarşıya qoyulmuş vəzifələrin uğurla və daha səmərəli şəkildə icra edilməsinə, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əsas təminatlarından olan ictimai-siyasi sabitliyin qorunmasına və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə yönəldib”.

K. Əliyev qeyd edib ki, həmin müddət ərzində Baş İdarə tərəfindən vətəndaşların 3874 müraciətinə baxılmış, həmçinin 126 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 82-si (65%) üzrə cinayət işi başlanıb, 44 (35%) material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 28 nəfər vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib. Eyni zamanda korrupsiya hüquqpozmaları barədə müraciətlərinin fasiləsiz rejimdə qəbulu məqsədi ilə yaradılmaqla Baş İdarə ilə vətəndaşlar arasında mühüm əhəmiyyətli dialoq vasitəsi rolunu oynayan “161-Qaynar xətt” əlaqə mərkəzinə hesabat dövründə 1970 müraciət daxil olub, həmin müraciətlərin 16-sı üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb:

“Həmçinin, əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilmiş və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib. Ötən dövrdə Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edərək keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 4, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında isə 5 cinayət işi başlanıb. Cari ilin I yarımili ərzində Baş İdarədə 184 şəxs barəsində 115 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Həmin cinayət işlərindən 79 şəxs barəsində 42 iş mənimsəmə və israf etmə, 50 şəxs barəsində 30 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 14 şəxs barəsində 12 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 9 şəxs barəsində 9 iş rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, 2 şəxs barəsində 2 iş rüşvət alma (passiv rüşvətxorluq), qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı olub”.

İdarə rəisi vurğulayıb ki, məhkəmələrə göndərilən cinayət işləri üzrə 51 milyon 194 min manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 16 milyon 578 min manat və ya 32,5 % ödənilməsi təmin edilib, həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 25 milyon 342 min manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulması ilə yanaşı, qanunla nəzərdə tutulmuş digər tədbirlər görülüb. Hesabat dövründə Baş İdarə rəisi, Baş İdarə rəisinin müavinləri, idarə və ya şöbə rəisləri, Təşkilati və informasiya təminatı idarəsinin prokurorları tərəfindən ümumilikdə 250 vətəndaşın qəbul edilməsi təmin edilib.

“Korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiya cinayətləri və hüquqpozmalarının yayıldığı sahələrin müəyyənləşdirilməsinə diqqət artırılmaqla preventiv tədbirlərin təsir gücü məhz bu istiqamətlərə yönəldilməsi son illərin təcrübəsi ilə bir daha öz təsdiqini tapmaqdadır. Belə ki, əvvəlki dövrlərdə olduğu kimi cari dövr ərzində də, Baş İdarə korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib, 13 xüsusat üzrə inzibati pozuntu aşkar edildiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 54, 192.1 və 198.0.1-ci maddələrinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək aidiyyəti üzrə müvafiq məhkəməyə göndərilib, araşdırılması üçün aidiyyəti üzrə müvafiq qurumlara göndərilmiş müraciətlər üzrə aparılmış xidməti yoxlamalar nəticəsində isə vəzifəli şəxslərin hərəkətlərində aşkar edilən cinayət xarakterli olmayan hüquqpozmalar üzrə 10 vəzifəli şəxsə xəbərdarlıq, 8 vəzifəli şəxsə töhmət, 2 vəzifəli şəxs şiddətli töhmət növündə intizam məsuliyyətinə cəlb edilib, 3 nəfər isə vəzifəsindən azad edilib. Habelə, araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə bir daha təkrar törədilməməsi üçün müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə 47 təqdimat göndərilb”, - deyə bildirilib.

K. Əliyev, həmçinin qeyd edib ki, hesabat dövründə Baş İdarə tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” 28 aprel 2017-ci il tarixli Fərmana uyğun olaraq, bu sahədə vətəndaşların əmək hüquqlarının pozulmasına yönəlmiş qanunsuz hərəkətlərə qarşı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi ilə birgə ən ciddi mübarizə tədbirlərinin davam etdirilib:

“Mərkəzdən daxil olan 17 material əsasında aparılmış araşdırmalar zamanı bir sıra şirkət rəhbərləri tərəfindən ayrı-ayrı şəxslərin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xidmətlərin yerinə yetirilməsinə cəlb edilmələri halları müəyyən edildiyindən 1 cinayət işi və 5 inzibati xəta haqqında iş üzrə icraat başlanması təmin edilib, o cümlədən həmin şirkətlərin rəhbərlərinə “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 22 və 23-cü maddələrinə əsasən gələcəkdə hər hansı bir işlərin görülməsi zamanı işlərə cəlb edilmiş işçilərin hüquqlarının pozulması hallarına yol verilməməsi, əks təqdirdə barələrində daha ciddi məsuliyyət tədbirləri görüləcəyi barədə 13 rəsmi xəbərdarlıq elan edilib, eləcə də bu növ qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair müvafiq təşkilatlara 28 təqdimat verilib. Həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində əmək münasibətləri rəsmiləşdirilmədən tikinti şirkətlərində işə cəlb olunan 258 işçi ilə əmək müqavilələrinin bağlanması təmin edilib”.

Mətbuat konfransında çıxış edən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin dövlət orqanları tərəfindən 86% icra edildiyini və Milli Fəaliyyət Planının Azərbaycanda və regionda ilk dəfə olaraq Elektron Monitorinq Sistemi (ems.gov.az) vasitəsi ilə qiymətləndirildiyini bildirib. K.Cəfərov korrupsiyaya qarşı həyata keçirilmiş mühüm qabaqlayıcı institusional tədbirlər çərçivəsində “ASAN xidmət” mərkəzlərinin sayının və fəaliyyət coğrafiyasının daha da genişləndirilməsinin əhəmiyyəti xüsusi vurğulayıb.

Bundan başqa, K.Cəfərov cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində institutsional və qanunvericilik tədbirlərin həyata keçirildiyini, yeni Maliyyə Monitorinq Xidmətinin yaradıldığını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın səlahiyyətləri çərçivəsində bu sahədə müvafiq dövlət proqramının icrasına nəzarətin həyata keçirildiyini, qanunvericiliyin icra vəziyyətinin araşdırıldığını və Avropa Şurasının MONEYVAL Komitəsinin tövsiyələrinə uyğun olaraq təkliflərin hazırlandığını qeyd edib.

K.Cəfərov korrupsiyanın qarşısının alınması sahəsində Komissiyanın “Qanunverciliyinin təkmilləşdirilməsi üzrə” İşçi Qrupu tərəfindən yeni Milli Strategiya və Tədbirlər Planının layihəsinin hazırlandığını və prosesin ilin sonuna kimi müvafiq dövlət orqanları, beynəlxalq ekspertlər və təşkilatlar, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə yekunlaşacağını bildirib.

Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxışlarında korrupsiyaya qarşı mübarizə sahəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2018-ci ilin I yarımili ərzində gördüyü işləri müsbət dəyərləndirib.

Mətbuat konfransında həmçinin bildirilib ki, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın və mövcud qanunvericiliyin səmərəli tətbiqi üçün qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinin zəruriliyi nəzərə alınaraq hesabat dövrü ərzində Baş İdarə tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlar və digər ölkələrin müvafiq hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirilmiş, ölkəmizin korrupsiyaya qarşı mübarizədə əldə etdiyi mühüm nailiyyətlər beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilib.

Beynəlxalq əməkdaşlıq sahəsində görülmüş işlərin məntiqi nəticəsi olaraq ölkəmizin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ilə İstanbul Fəaliyyət Planı çərçivəsində əməkdaşlığı ötən dövrdə də uğurla davam etdirilib. Belə ki, bu il İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı üzrə 19-ci monitorinq görüşündə Şəbəkənin IV Monitorinq Raundu üzrə ölkəmizə dair verilmiş tövsiyələrin böyük qismində icrası istiqamətində əsaslı nailiyyətin əldə olunması barədə yekdil fikrə gəlinmiş və dövri hesabat müsbət qiymətləndirilərək qəbul edilib.

Həmçinin, ötən il OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin (ACN) Hüquq Mühafizə Orqanları Şəbəkəsinin Bakıda keçirilən 8-ci görüşü təşkilat tərəfindən iştirakçılar arasında qabaqcıl təcrübənin paylaşılmasına verdiyi töhfələrə görə nümunəvi bir əməkdaşlıq platforması kimi qiymətləndirilib.

Bundan başqa, respublikamızın dünya prokurorlarını bir qurumda birləşdirən ilk və yeganə təşkilat olan Beynəlxalq Prokurorlar Assosiyasiyasının işində fəal iştirakı, təşəbbüskarlığı və səmərəli təmsilçiliyi nəzərə alınaraq, Assosiasiyanın İcraiyyə Komitəsinin 45-ci iclası cari ilin 9-10 aprel tarixlərində Bakı şəhərində keçirilmişdir. Təşkilata üzv olan ölkələrin prokurorluq orqanlarının yüksək səviyyəli şəxslərinin iştirak etdiyi tədbirdə Assosiyasiyanın rəsmi internet səhifəsinin anti-korrupsiya saytının fəaliyyətinin Azərbaycan prokurorluğu tərəfindən hazırlanması xüsusi qiymətləndirilib.

Ötən yarım il ərzində Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla yanaşı, bu sahədə qabaqcıl və müsbət təcrübəyə malik olan ölkələrin ixtisaslaşmış antikorrupsiya qurumları ilə də ikitərəfli səmərəli əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində zəruri tədbirlər görülüb, belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinin başçılıq etdiyi nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq çərçivəsində İran İslam Respublikasının Tehran şəhərinə etdiyi səfər zamanı Baş İdarə və İran İslam Respublikasının Baş Təftiş Təşkilatı arasında korrupsiyaya qarşı mübarizə və onun qarşısının alınması sahəsində Anlaşma Memorandumu imzalanıb.

Bundan başqa Avropa İttifaqının Avropa Qonşuluq Siyasətinin “Şərq Tərəfdaşlığı” və TAİEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) aləti çərçivəsində, Avropa Şurasının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsini (MONEYVAL), Beynəlxalq Antikorrupsiya Akademiyasi (IACA), Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatı (GUAM) və digər təşkilatlarla səmərəli əməkdaşlıq aparılıb.

Baş İdarənin fəaliyyətində korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlar və xarici ölkələrin ixtisaslaşmış antikorrupsiya qurumları ilə yanaşı Respublikanın dövlət qurumları ilə də qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı mühüm yer tutub, hesabat dövründə Baş İdarə ilə Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Gömrük Komitəsi arasında müvafiq olaraq əhalinin sağlamlığının qorunması, qida təhlükəsizliyinin təmin edilməsi və gömrük işi sahəsində korrupsiyaya qarşı birgə mübarizənin daha effektiv şəkildə təmin edilməsi məqsədilə anlaşma memorandumları imzalanıb.

Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə fəaliyyətində qeyri-hökumət təşkilatları ilə sıx münasibətlərin qurulmasına xüsusi önəm verilib, Baş İdarənin fəaliyyəti, bu sahədə son vaxtlar qəbul edilmiş qanunvericiliyin tələbləri, beynəlxalq əməkdaşlıq nəticəsində həyata keçirilən tədbirlər, həmin tədbirlərin reallaşmasında dövlət qurumlarının və vətəndaş cəmiyyətinin rolu, Baş İdarə tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbirləri, istintaqı aparılan cinayət işləri və digər mühüm məsələlər ilə əlaqədar kütləvi informasiya vasitələrində ictimaiyyətə mütəmadi məlumat verilməsi təmin edilib.

Mətbuat konfransında cari il iyulun 8-də Prezident cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, habelə əhalinin haqlı narazılığına səbəb olan rüşvətxorluq və korrupsiya kimi neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması sahəsində verdiyi göstərişlərə uyğun olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bundan sonra da korrupsiya hüquqpozmalarını doğuran səbəb və şəraitin müəyyən edilməsi və cinayətlərin qarşısının alınması istiqamətində sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin davam etdirilməsinin təmin ediləcəyi xüsusi vurğulanıb.

Sonda QHT və kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları ətraflı cavablandırılıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Korrupsiya   Kamran-Əliyev  





Xəbər lenti