Banklardakı girov maşınları satan şəxs tutuldu - FOTO

Banklardakı girov maşınları satan şəxs tutuldu - FOTO
  27 İyul 2018    Oxunub:5295
Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Xocavənd rayon sakini Ziyatay Əliyev işlədiyi Yeni Günəşli qəsəbəsində yerləşən avtomobil təmiri sexində banklardan birində 5700 manat kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmiş “VAZ 21214” markalı avtomobilin ban nömərini qanunsuz olaraq dəyişdirən zaman cinayət başında saxlanılıb.
DİN-dən AzVision.az-a verilən məlumata görə, avtomobil təmiri sexinə baxış keçirilən zaman müxtəlif banklarda girovda olan “Kia Cerato”, “Chevrolet Aveo”, “Chevrolet Cruz”, “VAZ 21154”, “VAZ 21214”, “VAZ 21705” markalı onlarla avtomobilə aid qeydiyyat şəhadətnamələri və qeydiyyat nişanları, həmçinin kəsilmiş dövlət qeydiyyat nişanları və ban nömrələri aşkar olunaraq götürülüb. Baxış zamanı həmçinin sexin döşəməsində doğranmış vəziyyətdə basdırılan qeydiyyat nişanları və ban nömrələri də aşkar olunaraq götürülüb.



İstintaq tədbirləri nəticəsində müəyyən edilib ki, Z.Əliyev özgə əmlakını ələ keçirmək məqsədi ilə işlədiyi avtomobil təmiri sexində banklar tərəfindən ipoteka ilə yüklü edilmiş avtomobillərin ban və mühərrik nömrələrini kəsib onların yerinə eyni markadan olan yararsız avtomobillərin ban və mühərrik nömrələrini qaynaq edərək girovda olmayan avtomobil kimi ayrı-ayrı şəxslərə satmaqla banklara külli miqdarda ziyan vurub.



Faktla bağlı Baş İdarənin İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Qeyd edilən qanunazidd əməllərdə iştirak edən digər şəxslərin də saxlanılması istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.



AzVision.az


Teqlər: DİN   Girov   Maşın  





Xəbər lenti