Paşinyan Koçaryandan nəyin qisasını alır? - ŞƏRH

Paşinyan Koçaryandan nəyin qisasını alır? - ŞƏRH
  27 İyul 2018    Oxunub:16294
“Ermənistanın sabiq prezidenti Robert Koçaryanın həbs olunma ehtimalı olduqca yüksəkdir. Hətta təkcə o yox, bir sıra keçmiş hərbi vəzifəlilər də eyni aqibəti yaşaya bilərlər”.
Bunu AzVision.az-a politoloq Fikrət Sadıqov bildirib. Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan 2008-ci il 1 mart hadisələrinə görə Koçaryandan qisas alır.

“2008-ci il 1 mart hadisələri zamanı etirazçılara qarşı sərt addımlar atılıb, o cümlədən 10 nəfər öldürülüb. Yaddan çıxarmaq lazım deyil ki, həmin etirazçıların arasında indiki baş nazir Nikol Paşinyan da olub. Bu məsələdə obyektiv olmaq lazımdır. Paşinyan üçün çox yağlı bəhanədir ki, rəqiblərini aradan çıxarsın. Eyni zamanda qisas alır. Çünki vaxtilə o da həbs olunub. Doğrudur, sonradan amnistiyaya düşüb. Amma bu hadisələrlə bağlı həbsdə olub. Ona görə də indi Paşinyanın əsas məqsədi öz rəqiblərini aradan götürməkdir. Atılan addımlar bu çərçivədə davam edəcək”.



"Açılan cinayət işi çərçivəsində Serj Sarkisyan da həbs oluna bilərmi" sualına F.Sadıqov belə cavab verib: “Serj Sarkisyan Robert Koçaryandan fərqli olaraq 2008-ci ildə seçilən prezident olub. Fəaliyyətdə isə Koçaryan özü olub. Etirazçılara qarşı sərt addımların atılması əmri məhz Koçaryan və ətrafındakı hərbiçilər tərəfindən verilib.

Bu məsələdə digər bir məqam da var. Serj Sarkisyan elə belə istefa verməyib. Görünür, onun istefa səbəbləri müəyyən məqamlarla bağlıdır. Sarkisyan dərhal gecə düşünüb, səhər bəyan etmişdi ki, Paşinyan haqlıdır və bu səbəbdən istefa verir. Ola bilsin ki, Paşinyan və Sarkisyan arasında müəyyən razılıq olub. Bu baxımdan ki, istefa verdikdən sonra Sarkisyana toxunulmasın. Ona görə əsas zərbə Koçaryana və ətrafındakılara vurulur”.



Politoloq qeyd edib ki, Sarkisyan aktiv siyasətə geri qayıtsa, o da həbs oluna bilər: “Əgər Sarkisyan seçkilərdən öncə, seçkilərdə fəallıq nümayiş etdirməsə, Respublikaçılar Partiyasını dəstəkləməsə, onu hər hansı bir təhlükə gözlədiyini düşünmürəm. Əgər söylədiklərimin əksi olsa, onun da taleyi Koçaryandan fərqlənməyəcək. Çünki Sarkisyana qarşı cinayət işinin açılması üçün səbəblər çoxdur. Onun bütün siyasi fəaliyyəti cinayətkarlıq və korrupsiya üzərində qurulub”.

Qeyd edək ki, Ermənistanın sabiq prezidenti Robert Koçaryana qarşı ittiham irəli sürülüb. O, 2008-ci il 1 mart hadisələrinə dair açılan cinayət işi çərçivəsində konstitusion quruluşun devirməsində ittiham olunur. İrəvan şəhərinin birinci instansiya məhkəməsi Koçaryan barəsində qətimkan tədbiri qismində həbsin seçilməsi barədə vəsatət verib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Sarkisyan   Koçaryan  





Xəbər lenti