Əsgərlərimizin geyiminə nə qədər pul xərclənir? - XÜSUSİ REPORTAJ+FOTOLAR

Əsgərlərimizin geyiminə nə qədər pul xərclənir? - XÜSUSİ REPORTAJ+FOTOLAR
  30 İyul 2018    Oxunub:30765
Bu gün Azərbaycan Ordusunun hər bir təminatına xüsusi diqqət yetirilir. Ötən dəfə Ordumuzun hansı qidalarla təmin olunduğunu əyani şəkildə oxucularımıza göstərmişdik. Bu dəfə isə hərbçilərimizin geyim təminatı ilə yaxından tanış olduq.
AzVision.az-ın əməkdaşları Azərbaycan hərbçilərinin hansı geyimlərlə təmin olunduğu oxuculara təqdim etmək üçün Mərkəzi Əşya Bazasında olublar. İlk olaraq məlumat verildi ki, 2013- cü ildən başlayaraq Ordumuzun geyimi yerli istehsal hesabına təmin edilir.



Əşya əmlakının müayinə və keyfiyyətinə nəzarət bölməsinin baş zabiti, polkovnik-leytenant Cavanşir Cahangirov bildirib ki, müəssisələr tərəfindən gətirilən əmlaklar ilk növbədə Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin tabeliyində olan əşya əmlakının müayinə və keyfiyyətinə nəzarət laboratoriyasında yoxlanılır və yalnız müsbət cavab alındıqdan sonra müvafiq qaydada Mərkəzi Əşya Bazasının tabeliyində fəaliyyət göstərən əşya əmlakının qəbulu bölməsinin nəzarəti altında saxlanclara qəbul edilir.



Laboratoriyada Türkiyədən alınan ən müasir avadanlıqlar quraşdırılıb. Müayinə və keyfiyyətə nəzarət laboratoriyası nümunələrin dartılma, sıxılma kimi fiziki təsirlərə davamlığını, rezin materialların aşınmağa davamlığını, nümunələrin hava keçirməsinin və partlama qüvvəsinin sürtünməyə qarşı davamlığını, əmlak ütülənərkən rənginin həssaslığını, yağışa qarşı davamlığını, nümunənin rənginin təbii iqlim şəraitinə qarşı həssaslığını, dərinin və parça materialların su keçirməsinin sınağı, ayaqqabının statik şəraitdə və dərinin dinamik şəraitdə su keçirməsinin sınağı, nümunələrin yuyulması, külləmə, əritmə, isitmə və qurutma proseslərini təyin etmək və dəri materialların sərtliyini ölçmək üçün cihazlarla təchiz edilib. Geyimlər yuxarıda sadaladığımız bütün sınaqlardan keçirilir. Yalnız müsbət cavab alındıqdan sonra geyimlər müvafiq qaydada Mərkəzi Əşya Bazasının tabeliyində fəaliyyət göstərən əşya əmlakının qəbulu bölməsinin nəzarəti altında saxlanclara qəbul edilir.



Daha sonra saxlanclara baş çəkdik. Geyimlər yeni tikilmiş anbarlarda normaya uyğun olaraq saxlanılır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinin Arxa Cəbhə İdarəsinin Əşya Xidməti rəisi, polkovnik-leytenant Azər Qurbanov bildirib ki, bölmələrimizin geyimlə təminatında xidmət etdiyi relyef də nəzərə alınır. Əsgərlərin geyimləri və çəkmələri xidmət etdikləri hava şəraitinə uyğun olaraq dəyişilir. Belə ki, yüksək dağlıq şəraitində xidmət edən əsgərlərimizin çəkməsi fərqli olur. Ötən ildən başlayaraq yerli istehsal olan uzunboğaz çəkmələrdən istifadə olunur. Buna qədər isə çəkmələr Türkiyədən alınırdı.



Polkovnik-leytenant Azər Qurbanov qeyd edib ki, hazırda yay mövsümü olduğuna görə əşya xidmətinin əsas vəzifələrindən biri soyuq iqlimli yüksək dağlıq ərazilərdə yerləşən bölmələrin qış təminatının tədarükünü həyata keçirməkdən ibarətdir. Əşya xidmətinin qarşısında duran ən vacib məsələlərdən biri də ön xətt hərbi hissələrinin şəxsi heyətini isti və inventar (yarımkürk, keçə-çəkmə, isti səhra şalvarı, istiləşdirilmiş qulaqlı şlemaltı, qışlıq uzunboğaz çəkmə, içi xəz dərili əlcək və s.) əmlaklarla təminatını təşkil etməkdir.



Qeyd olundu ki, bir əsgərin 1 il ərzində əşya və geyim təminatına 1000 manata yaxın vəsait xərclənir. Əşya təminatında sanitar-gigiyena qaydalarına ciddi surətdə əməl edilir. Daha sonra səhra şəraitində hərbçilərimizin təminatı üçün alınan avadanlıqlar göstərildi. Ön xətt bölmələrinin hamam-camaşırxana xidməti tam səmərəli şəkildə hərbi hissənin səhra hamamı, səhra camaşırxanası və mülki müəssisələr tərəfindən həyata keçirilir. Daimi yaşayış məntəqəsindən kənarda olan şəxsi heyətin hamam-camaşırxana xidmətinin səmərəli təşkil olunması üçün lazımi şərait yaradılıb. Belə ki, Türkiyədən alınan səhra hamamında eyni anda 16 nəfərin yuyunması üçün şərait var.



Həmçinin ön xətt bölmələri üçün hamamla təmin olunmuş “MAZ” avtomobilləri də alınıb. Bu avtomobilin daxilində 10 nəfərin yuyunması üçün duş kabinləri var. Həmçinin ön xətt bölmələri üçün xidmət göstərən avtomobil üzərində olan camaşırxana alınıb. Onun üzərində paltarların yuyulması və qurudulması üçün avadanlıqlar quraşdırılıb.Qeyd etdiyimiz texnika Türkiyədən alınıb.

Reportaj zamanı səhra şəraitində qurulan digər çadırlar da əyani şəkildə bizə göstərildi.



Bütün bu gördüklərimizdən sonra bir söz demək olar ki, Ordumuzun əşya təminatı dünyada qəbul edilmiş ordu standartlarından geri qalmır, hətta bəzi ölkələrdən irəlidəyik.

















































































































Anar Kəlbiyev
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: Ordumuz   Geyim   Təminat  





Xəbər lenti