4 prokurorluq əməkdaşı vəzifədən azad edilib

4 prokurorluq əməkdaşı vəzifədən azad edilib
  30 İyul 2018    Oxunub:3953
Cari ilin ilk yarımili ərzində xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb. Aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 9 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan 4-ü vəzifədən azad edilib.
AzVision.az xəbər verir ki, bu barədə iyulun 30-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən 2018-ci ilin birinci yarımilində “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirilib.

Müşavirədə tələb edilib ki, bütün struktur qurumlarda, tabe rayon və şəhər prokurorluqlarında, ilk növbədə xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və neqativ təzahürlərə münasibətdə prinsipiallığının artırılması üçün ən qəti tədbirlər görülsün.

Xüsusi vurğulanıb ki, vətəndaşları narahat edən məsələlərin həllinə diqqət və həssaslıqla yanaşılmasının hər bir dövlət orqanının və məmurunun mühüm vəzifələrindən olması barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tələbi rəhbər tutularaq müraciətlərin obyektiv araşdırılması, vətəndaşların mütəmadi olaraq qəbullarının keçirilməsi daim diqqət mərkəzində saxlanılmış, şikayətləri doğuran səbəblərin aradan qaldırılmasına, qanunauyğun, ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq gücləndirilib.

Vətəndaş müraciətləri üzrə natamam və qeyri-obyektiv yoxlamalar aparılması, süründürməçilik hallarına yol verilməsi, əsassız qərarlar qəbul edilməsi, vətəndaşlara müraciətləri üzrə formal və səthi cavabların verilməsi, qəbullarının keçirilməsi qaydalarının pozulması kimi çatışmazlıqların hələ də mövcud olduğu nəzərə alınmaqla, bütün struktur qurumların rəhbərləri və tabe prokurorlardan müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin daha da təkmilləşdirilməsi, bu sahədə bütün neqativ halların təxirəsalınmadan aradan qaldırılması, yeni informasiya texnologiyalarının imkanlarından daha geniş istifadə edilməsi tələb olunub.

Diqqətə çatdırılıb ki, prokurorluq orqanları tərəfindən 2018-ci ilin birinci yarısında görülmüş işlərin vəziyyəti təsdiq edilmiş cədvələ uyğun olaraq bölgələr üzrə keçirilən əməliyyat müşavirələrində müzakirə edilib, Baş prokurorun müavinləri, Baş Prokurorluğun Kollegiya üzvlərinin sədrliyi və tabe şəhər və rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə Abşeron, Ağstafa, Astara, Tərtər, Hacıqabul, Qobustan və Zaqatala rayonlarında keçirilmiş əməliyyat müşavirələrində hesabat dövründə görülmüş işlərin real vəziyyəti, mövcud nöqsanlar və çatışmazlıqların yaranma səbəbləri hərtərəfli və prinsipial təhlil edilib, “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, tabe struktur qurumların fəaliyyəti üzərində Baş Prokurorluğun nəzarətinin daha da gücləndirilməsi, tabe prokurorluqlarda xidməti, icra və əmək intizamının yüksəldilməsi üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Əməliyyat müşavirələrində qaldırılan və işin səmərəliliyinə mənfi təsir göstərən problemlərin aradan qaldırılması və həlli vacib məsələlərin tənzimlənməsi istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilib və Baş Prokurorluğun əlaqədar struktur qurumlarına müvafiq tapşırıqlar verilib.

AzVision.az



Teqlər: Baş-Prokurorluq  





Xəbər lenti