ABŞ diplomatı Qubaya səfər edib

ABŞ diplomatı Qubaya səfər edib
  03 Avqust 2018    Oxunub:5189
ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam Gil və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) missiya direktoru Caydev Sinqx Azərbaycanın ilk sahibkar qadınlardan biri olan, Qubanın Alpan kəndində yerləşən USAID-in dəstəklədiyi xalça emalatxanasının rəhbəri Fatimat Ağamirzəyeva ilə görüşərək qadınların iqtisadi imkanları haqqında danışıblar.
Səfirlikdən verilən məlumata görə, həmin emalatxana Alpan və ətraf Uzunmeşə, Kürkün və Susay kəndlərinin qadınlarını işlə təmin edir, eyni zamanda yerli qadınlara toxuma sənətini öyrədərək Azərbaycanın qədim xalça toxuma ənənəsini qorumağa kömək edir. Bu xalça emalatxanası USAID-in Sosial-İqtisadi İnkişaf Fəaliyyəti adlı layihəsi çərçivəsində USAID-in və Azərbaycan hökumətinin birgə maliyyə dəstəyi ilə Azərbaycanın 105 müxtəlif icmasında icra olunan 120 layihədən biridir.

Həmçinin iyulun 30-da U.Gil və C.Sinqx Qubanın Nüqədi kəndində Quba-Xaçmaz zonasının meyvə istehsalçıları üçün nəzərdə tutulmuş, USAID-in dəstəklədiyi yeni aqrar təlim mərkəzinə baş çəkiblər. Təlim mərkəzi istehsalçılara öz bağlarını təkmilləşdirməyə, meyvələri ziyanvericilərdən və xəstəliklərdən qorumağa, habelə Azərbaycanda məhsullara ciddi ziyan verə biləcək qəhvəyi qalxanlı zərərli bağacıqlar kimi böcəklərə nəzarət etməyə köməklik göstərir.

USAID-in dəstəyi ilə regiondakı fermerlər yüksək sıxlığa malik yeni beş bağ salıblar ki, bunlar ənənəvi bağlardan fərqli 3-4 dəfə daha artıq məhsul verirlər. USAID-in aqrar sahəyə dəstəyi Azərbaycanın kənd təsərrüfatının məhsuldarlığını və rəqabətliliyini
yüksəldir, bununla da Azərbaycanın qeyri-neft sektorunun inkişafını sürətləndirir.

AzVision.az


Teqlər: ABŞ   Diplomat   Quba  





Xəbər lenti