Fədayə Laçın hakim qarşısına çıxarıldı

Fədayə Laçın hakim qarşısına çıxarıldı
  03 Avqust 2018    Oxunub:4729
Bakı Ağır Cinayətlər Məhkəməsində məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və digər 12 nəfərin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
AzVision.az xəbər verir ki, bu gün hakim Azad Məcidovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin və zərərçəkmişlərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmədə Fədayə Laçın iştirak edib.

Prosesdə vəkillərin təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılmasına dair vəsatətləri təmin edilməyib. İş üzrə məhkəmənin baxış iclası avqustun 8-nə təyin olunub.

Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə bir neçə gün sonra keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən Hacıyev Məhəmməd Famil oğlu, Günay Atakişiyeva, müğənni Fədayə Laçınvə Pentensiar Xidmətin bir neçə əməkdaşı həbs olunub.

AzVision.az


Teqlər: Fədayə-Laçın   Məhkəmə  





Xəbər lenti