İstirahət günlərində külək əsəcək, yağış yağacaq

İstirahət günlərində külək əsəcək, yağış yağacaq
  03 Avqust 2018    Oxunub:3117
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində-avqustun 4-5-nə səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.
Departamentdən AzVision.az-a verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsinin bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 28-33°, dağlıq rayonlarda isə 22-27° isti olacaq.

Lənkəran-Astara bölgəsinə üz tutanları yağmursuz hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 30-34° isti olacağı proqnozlaşdırılır.

Aran rayonlarında gün ərzində hava şəraitinin yağmursuz keçəcəyi ehtimal edilir. Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturunun 33-38° isti olacağı bildirilir.

Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Havanın maksimal temperaturunun 34-39° isti olacağı ehtimalı var.

Paytaxtda, avqustun 4-5-də hava şəraitinin küləkli olacağı gözlənilir. Havanın maksimal temperaturu 28-33° isti olacaq. Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərə üz tutanları ehtiyatlı olmağı tövsiyə edirik.

AzVision.az


Teqlər: Hava  





Xəbər lenti