Rusiyaya arxadan zərbə: Paşinyanın gizli planları

Rusiyaya arxadan zərbə: Paşinyanın gizli planları
  04 Avqust 2018    Oxunub:3590
Ermənistan bir müddətdir ki, narahat siyasi həyat yaşayır. Orada küçə etirazları üzərində hakimiyyətə gələn qüvvə qaranlıq məqamlarla dolu addımlar atır. Bu da Ermənistanın ən yaxın müttəfiqi olan Rusiya kimi dövlətin rəhbərliyini düşündürür. Bir neçə gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanda yeni hakimiyyətin atdığı addımlarla bağlı fikir bildirməklə Kremlin mövqeyini konkret ifadə etmiş oldu. Məlum olur ki, Nikol Paşinyan Rusiya rəhbərliyinə verdiyi vədlərə əməl etmək fikrində deyil. Bütün bunların fonunda rəsmi İrəvanın S.Lavrovun sözlərinə sərt reaksiya verməsi və N.Paşinyanın insanları yenidən mitinqə çağırması müəyyən şübhələr yaradır. Belə təəssürat oyanır ki, Ermənistanın yeni hakimiyyəti ikili oyun aparır və onun başlıca mahiyyəti Rusiyaya arxadan zərbə endirməkdən ibarətdir. Məsələnin bu aspekti üzərində bir qədər geniş dayanmağa ehtiyac duyuruq.

Köhnə sindrom: erməni siyasətinin illüziyaları

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanın yeni hakimiyyəti ilə bağlı jurnalistə dediyi sözlər erməni siyasi və ekspert dairələrində geniş əks-səda doğurub. Onlar qəfil ayılıb görürlər ki, tam olaraq Moskvadan asılıdırlar və Rusiya rəhbərliyi bu barədə açıq fikir bildirə bilər. Dəfələrlə bu, belə olub. Məsələn, müxtəlif səviyyələrdə ermənilərə anladıblar ki, Dağlıq Qarabağı özbaşına işğal etməyiblər. Onlara ciddi hərbi, maliyyə, ideoloji, təbliğat və diplomatik dəstək olub. Onların sırasında Rusiya da vardır.

Bəs İrəvan məhz indi Moskvadan səslənən və ermənilər üçün normal sayılan peşəkar diplomatın fikirlərinə hansı səbəblərdən dözülməz münasibət bildirir? Ermənistanın siyasətində hansısa ciddi dəyişikliklərmi baş verir? Yoxsa, bu, ermənilərin növbəti şıltaqlığıdırmı? Ekspertlər bu kimi suallara cavab axtarırlar. Burada mövqelər fərqlənir. Bir sıra ekspertlər hesab edir ki, həqiqi mənada İrəvanın daxili və xarici siyasətində dəyişikliklər baş verir. Onların başlıca məqsədi imkan daxilində müstəqil siyasət yeritmək, daha çox isə daxildə müstəqil addımlar atmaq hüququ əldə etməkdir. Nikol Paşinyanın özü də bu barədə danışır. O vurğulayır ki, xarici siyasət kursunda ciddi dəyişiklik yoxdur, Rusiya əvvəlki kimi əsas strateji müttəfiqdir. Ermənistanın təhlükəsizliyi məsələsində də Kremllə eyni mövqedə qalacaqlar. Lakin bu, İrəvanın dövlət quruculuğunda müstəqil addımlar atmasına mane olmamalıdır.

Moskva isə bu sözlərə inanmır. Çünki N.Paşinyan real olaraq antirusiya xətti yeridir. Hökumətə Qərb əhval-ruhiyyəli adamlar gətirilməklə yanaşı, Ermənistanda hakimiyyətdə olmuş qruplara qarşı tədbirlər görülür. Məsələ yalnız R.Koçaryan kimilərin həbsindən ibarət deyil. N.Paşinyan addım-addım Ermənistanın siyasi mühitini dəyişməyə və burada yalnız özünə yaxın dairələrin dominantlığını təmin etməyə çalışır. Bu kontekstdə erməni ekspertlərin irəli sürdükləri ssenarilər maraqlıdır.

Belə qənaət var ki, N.Paşinyan 1 il müddətində əsas siyasi rəqiblərini zərərsizləşdirdikdən sonra iki istiqamətdə addım atacaq. Birincisi, 1999-cu ildə parlamentdə törədilən terror hadisəsinin təşkilatçılarını üzə çıxaracaq. İkincisi, prezident üsul-idarəsinə qayıdıb, özü prezident seçiləcək. Birinci məsələ çox ciddi geosiyasi nəticələri olan hadisə ilə bağlıdır. Əgər N.Paşinyan doğrudan da buna getsə, onda Ermənistanın ən yeni tarixinin saxta olduğunu təsdiqləmiş olacaq. Çünki 1999-cu il qətliamını rəsmi olaraq açmadılar. Orada qətlə yetirilən siyasətçilərin hansı səbəblərdən hədəf seçildiyi barədə birmənalı mövqe bildirilmədi. Deməli, həmin dövr qaranlıq olaraq qalır. Ondan bu yana Ermənistanı R.Koçaryan və S.Sarkisyan illüziya dünyasında idarə ediblər.

Yəni, erməni cəmiyyəti ölkənin taleyində ciddi rol oynayan həmin hadisənin əsl səbəblərini və təşkilatçıların kimliyini bilmir. Belə olduğu halda niyə illərdir erməni xalqına demokratiyadan, millətçilikdən, təhlükəsizliyin təminindən, müstəqillikdən və güclü ordu quruculuğunun aparıldığından bəhs ediblər? Belə çıxır ki, keçən əsrin 90-cı illərindən Ermənistan real dövlətçilik müstəvisində olmayıb, qaranlıq planlar meydanı olub. Konkret desək, Ermənistanda müstəqil dövlət quruculuğu iflasa uğrayıb.

İkili oyun: müttəfiqi aldatmaq cəhdi

Birinci məsələnin başqa əhəmiyyətli məqamı bir sıra erməni KİV orqanlarının 1999-cu il parlament terrorunun arxasında Rusiya xüsusi xidmət orqanlarının dayandığına işarə etməsidir. Bu, ciddi ittihamdır və həqiqət, yaxud yalan olduğunu biz deyə bilmərik. Lakin əgər erməni KİV-lərində belə informasiyalar verilirsə, onda Moskva ittiham edilir. Təbii ki, Rusiya bu ittihamlara cavab verməlidir. Sergey Lavrovun Ermənistanın yeni rəhbərliyi haqqında dediklərinə də hər şeydən öncə məhz həmin aspektdə nəzər salmaq lazımdır. Rusiya XİN rəhbəri demişdi ki, Ermənistanın yeni hakimiyyəti bu ilin mayında verdiyi sözə əməl etmir.

O zaman Nikol Paşinyan siyasi rəqiblərinin, o cümlədən Ermənistana rəhbərlik edən adamların təqib olunmayacağına söz veribmiş. R.Koçaryanın və bir neçə Rusiyaya bağlı adamların istintaqa çağırılmaları başqa vəziyyətin yarandığını göstərir. S.Lavrov da deyir ki, Rusiya həmişə Ermənistanı müdafiə edib, onun təhlükəsizliyinin qayğısına qalıb. Belə bir vəziyyətdə Kremlə yaxın olan siyasilərin məhkəməyə cəlb edilməsi, baş nazirin may ayında dedikləri ilə uyğun gəlmir. Həmin kontekstdə S.Lavrov Ermənistan rəhbərliyinin bir daha mövqeyini dəqiqləşdirməsini istəyib.

N.Paşinyanın bütün bunlara cavab olaraq insanları avqustun 17-də İrəvanda mitinqə toplamaq niyyəti onu göstərir ki, S.Lavrov haqlıdır. Rəsmi İrəvan Moskvaya arxadan zərbə endirir. Çünki N.Paşinyan mitinqdə insanlardan dəstək almaqla göstərməyə çalışır ki, məsələ cəmiyyətlikdir, bir siyasətçinin istəkləri ilə bağlı deyil. O halda rəsmi Moskvanın hər bir iradı erməni xalqının iradəsinə qarşı çıxmaq kimi yozulacaq ki, bu da beynəlxalq aləmdə ciddi etirazları meydana çıxara bilər.

Ancaq Rusiya çox böyük dövlətdir və özünün yaratdığı Ermənistanı ovucunun içi kimi tanıyır. Bu səbəbdən N.Paşinyanın sudan quru çıxma ehtimalı minimumdur. Onu cəzalandıra bilərlər.

Bu ehtimalı gücləndirən məqamlardan biri N.Paşinyanın Ermənistanda konstitusiyanı yenidən dəyişib, prezident üsul-idarəsini qaytarmaq niyyətidir. “Regnum” agentliyi bu barədə açıq yazıb. “Lavrov Paşinyana xəbərdarlıq etməyi qərara alıb” başlıqlı məqalədə vurğulanır: “Ancaq biz illüziyalar qurmuruq: Ermənistanda hay-küylü siyasi xəbərlərin sayı artacaq. Başlıca xəbər yeni seçkilər olacaq ki, seçki Paşinyanın legitimliyinin yalnız “küçə” ilə məhdudlaşmadığını sübut etməlidir. Daha vacib xəbər isə Ermənistana prezident üsul-idarəsini qaytaracaq yeni konstitusiyanın qəbul ilə bağlı olacaq. Ermənistanın yeni tam hakimiyyətli prezidenti olmağı isə Paşinyan istəyəcək. Bu nəticələrə küçə legitimliyindən “silkələnib çıxmadan” nail olmaq... mümkün deyildir (bax: Лавров решил предупредить Пашиняна / Regnum.ru, 1 avqust 2018).

Deməli, Moskva yerində və zamanında xəbərdarlıq edir. Hiss olunur ki, Ermənistanda hadisələr anormal istiqamətdə cərəyan edir. Bu, təbii ki, Moskvanın yanaşmasıdır. Açıq bildirilir ki, N.Paşinyanın əsas məqsədi hakimiyyətə təkbaşına yiyələnməkdir. Bütün oyunları da bunun üçün qurub. Özündən əvvəlki hakimiyyət rəhbərlərini istintaqa çəkməklə əks düşərgənin siyasi iradəsini qırmağa çalışır və onu ictimaiyyətin gözündən salır.

Bu kimi manevrlərdə digər məqsəd Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış situasiyanı qeyri-müəyyənlikdə saxlamaqdan ibarət ola bilər. Belə ki, vaxtı uzatmaqla, ümumiyyətlə, danışıqlar prosesinin nəticəsiz qalmasına şərait yaradılır. Əgər Ermənistanda hər 5 ildən bir hakimiyyət bu üsulla dəyişsə və hər yeni gələn qüvvə müxtəlif bəhanələrlə vaxt istəsə, onda münaqişə sonsuza qədər həll olunmaz. Həm də ona görə ki, Ermənistanda kiminlə danışmaq lazım gəldiyini müəyyənləşdirmək çətin olar – hər yeni hakimiyyət əvvəlkindən daha etibarsız ola bilər.

Belə çıxır ki, Ermənistan yaxın illərdə silkələnmələrə məruz qala bilər. Bunun fonunda həm Cənubi Qafqazda geosiyasi mənzərədə risklər artar, həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlarda durğunluq yarana bilər.(Newtimes.az)

AzVision.az


Teqlər: Rusiya   Ermənistan   Qarabağ  





Xəbər lenti