Naxçıvanda yeni publik hüquqi şəxs yaradılıb

  07 Avqust 2018    Oxunub : 1716
Naxçıvanda yeni publik hüquqi şəxs yaradılıb
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avqustun 7-də Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.
AzVision.az xəbər verir ki, fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondu ləğv olunaraq Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilib.

“Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi” və “Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” təsdiqlənib.

Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondunun Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 16 oktyabr tarixli 177-III FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq göstərdiyi fəaliyyətdən irəli gələn hüquq və öhdəlikləri, o cümlədən güzəştli kreditlərdən istifadə şərtləri haqqında müvəkkil kredit təşkilatları ilə bağlanmış müqavilələr üzrə hüquqlar (müvafiq sənədlərin, məlumatların alınması və s.), verdiyi güzəştli kreditlərdən irəli gələn tələb hüququ, müvəkkil kredit təşkilatlarına müəyyən edilmiş limitlər üzrə vəsaitin ayrılmasına, eləcə də Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondu tərəfindən maliyyələşdirilməsi barədə qərar qəbul edilmiş sahibkarlıq subyektlərinin investisiya layihələrinə güzəştli kredit ayrılmasına dair öhdəliklər Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsə keçib

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

AzVision.az

Teqlər: Naxçıvan   Fərman