"DOST mərkəzi üçün pilot rayon müəyyən olunacaq" - Nazir

"DOST mərkəzi üçün pilot rayon müəyyən olunacaq" - Nazir
  13 Avqust 2018    Oxunub:3403
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanından irəli gələn vəzifələrə, nazirliyin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və mərkəzlərinin yaradılması istiqamətində görüləcək işlərə həsr olunmuş iclas keçirilib.
İclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlət başçısının qeyd olunan Fərmanının ölkəmizdə məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində idarəçilik və əhaliyə xidmətlər sisteminin innovativ əsaslar üzərində inkişafına və tam yeni keyfiyyət mərhələsinə daxil olmasına şərait yaratdığını vurğulayıb. Nazir Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əhalinin sosial müdafiəsinin gücləndirilməsində, xüsusi qayğıya ehtiyac duyan insanların qayğı ilə əhatə olunmasında mühüm xidmətlərini diqqətə çatdırıb. O bildirib ki, Fərmana əsasən DOST Agentliyi və mərkəzlərinin yaradılması yönündə ƏƏSMN-nin təklifləri əsasında aidiyyəti layihələrin və təkliflərin hazırlanmasının təmin edilməsi və Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə həvalə olunub. Bu da sosial sahədə aparılan islahatlara, əhaliyə göstərilən dövlət sosial xidmətlərinin keyfiyyətinin artırılmasına yüksək səviyyədə diqqəti və qayğını bir daha təsdiq edir.

S.Babayev yaradılacaq DOST mərkəzlərinin əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər aidiyyəti sahələrdə xidmətlərinin “bir pəncərə” prinsipi üzrə təkmil və sistemli, sadələşdirilmiş, eyni zamanda bir-biri ilə əlaqələndirilmiş şəkildə, tam şəffaf, operativ və vətəndaşlarla açıq iş şəraitində əhaliyə təqdim etməyə imkan verəcəyini deyib.



O diqqətə çatdırıb ki, DOST mərkəzinə müraciət edən vətəndaşın hansı sosial təminat növü (pensiya, ünvanlı sosial yardım, sosial müavinət, işsizlikdən sığorta və s.) ilə təmin olunmaq hüququnun olub-olmadığı elektron məlumat bazalarında onunla bağlı məlumatların operativ araşdırılması nəticəsində dərhal müəyyən olunacaq. Belə bir hüquq yarandığı halda vətəndaş elə mərkəzdəcə aidiyyəti sənədləri təqdim etməklə təyinat aparılaraq, müvəkkil banka onun üçün ödəniş kartı sifariş ediləcək. Yaxud işsiz və işaxtaran şəxs mərkəzdə onun üçün bütün mümkün məşğulluq xidmətləri (əmək bacarığına və seçiminə uyğun vakant iş yerinə göndəriş əldə etmək, özünüməşğulluq proqramına və ya peşə hazırlığına, ödənişli ictimai işə cəlb edilmək və s.) təqdim ediləcək və seçiminə uyğun təminat həyata keçiriləcək. Həmçinin reabilitasiya, sosial sığorta münasibətləri, sosial xidmətə cəlb olunma və digər sahələr üzrə belə xidmətlər göstəriləcək. DOST mərkəzlərində müvafiq sahələr üzrə sənədlər (arayış, vəsiqə və s.) çevik şəkildə hazırlanaraq fiziki və hüquqi şəxslərə təqdim olunacaq.

Nazir həmçinin qeyd edib ki, mərkəzlərdə vətəndaşlar müvafiq sahələr üzrə xidmətlər barədə məlumatlara asan şəkildə çıxış imkanları da əldə edəcək, xidmətlərdən istifadə prosedurları sadəliyi, çevikliyi və müraciət edən vətəndaş üçün rahatlığı ilə seçiləcək. Ümumilikdə DOST mərkəzlərinin əsas iş prinsipi müraciət edən şəxslərin göstərilən xidmətlərdən məmnun qalmasını nəzərdə tutur.

S.Babayev bildirib ki, cənab Prezidentin tapşırığına uyğun olaraq DOST Agentliyi və mərkəzlərinin yaradılması istiqamətində görüləcək işlərin ilkin yol xəritəsi artıq hazırdır və ilk DOST mərkəzinin yaradılması üçün gələn ay pilot rayon müəyyən olunacaq.

İclasda Prezident cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanından irəli gələn vəzifələr, DOST Agentliyi və mərkəzlərinin yaradılması sahəsində görüləcək işlər geniş müzakirə olunub.

AzVision.az


Teqlər: DOST   Mərkəz   Nazir  





Xəbər lenti