Agentlikdən əhaliyə bayram xəbərdarlığı

Agentlikdən əhaliyə bayram xəbərdarlığı
  14 Avqust 2018    Oxunub:1189
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib.
AQTA-dan AzVision.az-a verilən xəbərə görə, agentlik bayram ərəfəsində vətəndaşlara və bu sahədə fəaliyyət göstərən şəxslərə dini ayinlərlə yanaşı həm də müvafiq qanunvericiliyin tələblərinə uyğun heyvan kəsiminin həyata keçirməsini tövsiyə edir.

Bayram günlərində heyvan kəsimi ilə məşğul olan şəxslərdən şəhərimizin küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün heyvan kəsimini, baytarlıq-sanitariya və gigiyena normalarına uyğun şəkildə yerli icra hakimiyyəti orqanları tərəfindən yaradılmış kəsim məntəqələrində həyata keçirmələri xahiş olunur.

Bildirilir ki, bununla bağlı lazımi şəraitin yaradılması üçün Agentliyin səlahiyyətli şəxsləri yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birlikdə yerlərdə monitorinqlər keçirmiş və müvəqqəti olaraq çadırlarda heyvan kəsiminin təşkil olunması üçün yerlər müəyyənləşdirilmişdir. Bayram günlərində heyvan kəsimi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər əvvəlcədən yerli icra hakimiyyəti orqanlarına müraciət etməlidir.

Qeyd edək ki, “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamının 4-cü bəndinə əsasən küçələrdə, yol kənarlarında heyvan kəsiminin qarşısının alınması və tələblərə uyğun müasir heyvan kəsimi məntəqələrinin yaradılması yerli icra hakimiyyəti orqanlarının öhdəliyinə düşür.

Qurban bayramında heyvan kəsiminin normalara uyğun şəraitdə təşkil olunması, hər il küçə və yol kənarlarında baş verən antisanitar vəziyyətin təkrar olunmaması üçün Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər olunub.

AzVision.az


Teqlər: AQTA   Bayram  





Xəbər lenti