Ombudsman BMT-nin komitə iclasında iştirak edib

Ombudsman BMT-nin komitə iclasında iştirak edib
  15 Avqust 2018    Oxunub:1080
Ombudsman Elmira Süleymanova BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) Məsləhət Komitəsinin 21-ci sessiyasında iştirak edib.
Ombudsman Aparatından AzVision.az-a verilən məlumata görə, Milli siyasət və insan hüquqları, Durban Bəyannaməsi və Fəaliyyət Proqramının həyata keçirilməsinə qlobal çağırışlar, inkişafın insan hüquqlarının həyata keçirilməsinə töhfəsi, gender perspektivi və əlilliyi olan şəxslərin hüquqlarının, qeyri-hökumət təşkilatlarının iştirakçılığının təmini Sessiyanın proqramı üzrə əsas müzakirə mövzularından olub.

İnsan hüquqları sahəsində prioritet mövzular üzrə keçirilən iclaslara BMT qurumlarının rəsmi şəxsləri, İHŞ-nın Məsləhət Komitəsinin, Milli İnsan Hüquqları Təsisatlarının nümayəndələri, QHT və beynəlxalq ekspertlər qatılıblar.

Sessiyalar çərçivəsində Azərbaycan Ombudsmanı çıxışlar edib, Durban Bəyannaməsi və Fəaliyyət Proqramının həyata keçirilməsinə qlobal çağırışlar mövzusu çərçivəsində məruzəsində, sənədin ayrı-seçkiliyin yolverilməzliyi, bərabərlik, irqi ayrı-seçkilik, yersiz düşmənçilik və dövlətlərə qarşı dözümsüzlüklə, habelə yerli xalqlar, miqrantlar və qaçqınlara qarşı ayrı-seçkiliklə mübarizə kimi prinsiplərinin hələ lazımınca səmərəli tətbiq olunmadığı, eləcə də BMT səviyyəsində bu istiqamətdə çoxsaylı sənədlərin qəbul olunmasına baxmayaraq dünyada miqrantlar və qaçqınlarla yanaşı, irqinə görə təqiblərə və təzyiqlərə məruz qalan çoxsaylı insanların olduğunu diqqətə çatdırıb.

E. Süleymanova çıxışında etnik təmizləmə siyasətindən ölkəmizin əziyyət çəkdiyini vurğulamış, 20 faizdən artıq torpaqlarımızın işğalı nəticəsində öz doğma yurdlarından didərgin düşmüş, qaçqın və məcburi köçkün həyatı yaşan bir milyondan çox soydaşımızın hüquqları və onların təmin olunması məsələsini, qaçqın və məcburi köçkün probleminin ölkəmiz üçün prioritet olduğunu qeyd edib, Durban Bəyannaməsi və Fəaliyyət Proqramının prinsiplərinin həyata keçirilməsi ilə bağlı təkliflərini verib.

Azərbaycan Ombudsmanı çıxışında multikultural dəyərlər əsasında sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun təşkilində Azərbaycan təcrübəsi olan Bakı Prosesi”nin əhəmiyyətini vurğulayıb.

Ombudsman müasir inkişaf mərhələsində insan hüquqlarının təmin olunması sahəsində də yeni məqsədlər, prioritetlər, problemlər və onların həlli məsələlərini doğurduğu, nəticədə yeni islahatların zəruriliyini gündəmə gəldiyi vurğulanıb.

Səfər çərçivəsində Ombudsman BMT qurumlarının nümayəndələri, beynəlxalq ekspertlərlə görüşlər keçirib, əməkdaşlıq üzrə müzakirələr aparıb.

AzVision.az


Teqlər: Ombudsman   Elmira-Axundova  





Xəbər lenti