Gülxar Həsənovanın yubileyi qeyd ediləcək

 Gülxar Həsənovanın yubileyi qeyd ediləcək
  15 Avqust 2018    Oxunub:1607
Azərbaycan Prezidenti İlham Əliyev Gülxar Həsənovanın 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
2018-ci ilin dekabr ayında Azərbaycanın görkəmli opera müğənnisi, xalq artisti Gülxar İbrahim qızı Həsənovanın anadan olmasının 100 illiyi tamam olur.

Gülxar Həsənova Azərbaycan operasının şah əsərlərində təbiiliyi, dolğunluğu və özünəməxsusluğu ilə seçilən çox sayda unudulmaz obrazlar yaratmış, uzun illər ərzində aparıcı partiyalardakı yaddaqalan çıxışları ilə ifaçılıq sənəti tariximizə yeni səhifələr yazmışdır. Gənc opera solistlərinin hazırlanmasında onun təqdirəlayiq xidmətləri vardır. Yüksək səhnə mədəniyyətinə malik sənətkar muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı kimi musiqsevərlərin qəlbində dərin izlər buraxmışdır.

Sərəncamda qeyd olunur ki, Azərbaycan opera sənətinin inkişafına dəyərli töhfələr vermiş görkəmli müğənni Gülxar Həsənovanın 100 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi xalq artisti Gülxar Həsənovanın 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti