Rahib qalmaqalının arxasındakı siyasi səbəblər - ŞƏRH

Rahib qalmaqalının arxasındakı siyasi səbəblər - ŞƏRH
  16 Avqust 2018    Oxunub:6351
“ABŞ və Türkiyə arasındakı böhranın əsas səbəbi keşiş Endryu Brunsondur. Çünki ABŞ prezidenti Donald Trampın dini qruplarla dərin bağlılığı var”
Bunu AzVision.az-a açıqlamasında politoloq Samir Həmidov deyib. O, bildirib ki, dini qrupların Trampın fəaliyyətinə təsiri çox böyükdür:

“Çox insana inandırıcı gəlmir ki, keşiş Endryu Brunsona görə strateji müttəfiqlər ABŞ və Türkiyə arasında belə böyük qalmaqal yaşanır. Əlavə faktorların olması şübhə yaratmır. Amma Brunsonun əsas məsələ olması bir neçə amillə şərtlənir. Birincisi, ABŞ prezidenti Donald Trampın dini qruplarla bağlılığı var. Faktiki olaraq, istər ABŞ səfirliyinin Qüdsə köçürülməsi, istər ölkə daxilində atılan bir çox başqa addımlar məhz Donald Trampın seçilmə prosesində yevangelistlərə verdiyi sözlərlə bağlıdır. Bu, onun özünün dini icmanın üzvlərinə müraciətində etiraf formasında birbaşa təsdiqini tapıb. Həqiqətən də yevangelistlərin Trampın fəaliyyətinə təsiri böyükdür. Trampın onlarla mənəvi bağlılığı dərindir. Səfirliyin Qüdsə köçürülməsi və bu məsələdə bir çox fərqli izahlar verilsə də, birbaşa səbəbi məhz dini icmalarla Tramp arasındakı dini bağlılıqla əlaqəlidir. Məsələ burasındadır ki, həmin dini icmalar seçki prosesində Trampa həlledici dəstək göstərirlər. Noyabr ayında aralıq seçkilər keçirləcəyindən Tramp həmin icmanın üzvünün Türkiyədən geri gətirilməsi üçün strateji müttəfiqini belə itirməyi göz önünə alıb. Bu baxımdan düşünürəm ki, ABŞ və Türkiyə arasındakı böhranın əsas səbəbi keşiş Brunsondur”.



S.Həmidov deyib ki, keşiş Brunsonla yanaşı iki ölkə arasındakı qarşıdurmanın digər səbəbləri də var. Politoloqun fikrincə, bunlardan birincisi Rusiyadan alınan "S-400"lərdir. İkincisi İran məsələsində ABŞ-a dəstəyin verilməməsidir. Üçüncü, Suriya məsələsində yaşanan böhrandır. Bütün bunlar məcmu halda ABŞ-Türkiyə münasibətlərinə təsir göstərir və hazırkı böhrana gətirib çıxarır:

“Bu böhranın dərinləşmə, yeni sanksiyalarla tərəflərin bir-birini vurma ehtimalı çox yüksəkdir. Əgər Brunson məsələsində hər hansı bir irəliləyiş olmasa, böhranın dərinləşməsi qaçılmazdır. Əgər Brunson geri qaytarılsa, böhran dərinləşməyəcək və müəyyən yumuşalmalar başlayacaq. Əsas faktor Brunson məsələsi həllini tapsa belə, böhran tam həllini tapmayacaq. Çünki, qeyd etdiyim digər faktorlar da münasibətlərin gərginləşməsinə səbəbdir", - deyə S.Həmidov vurğulayıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: ABŞ  





Xəbər lenti