"Vəzifəmiz gəncləri yad dini ideologiyalardan qorumaqdır"

"Vəzifəmiz gəncləri yad dini ideologiyalardan qorumaqdır"
  17 Avqust 2018    Oxunub:1259
"Azərbaycanda esktremizmin sosial bazasının formalaşması üçün onun dayağı yoxdur. Dünyada, o cümlədən Yaxın Şərqdə gedən münaqişələrə rəğmən ölkəmizdə ictimai-siyasi və dini durum sabitdir"
AzVision.az xəbər verir ki, bu fikir avqustun 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri-dini ekstremizm” mövzusunda keçirilən seminar-müşavirədə səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Seminar-müşavirədə DQİDK-nın məsul işçiləri, Astara, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonlarının icra hakimiyyəti başçılarının birinci müavinləri, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsləri, eyni zamanda, bu qurumların adıçəkilən rayonlardakı yerli strukturlarının rəhbərləri, ziyalılar, dindarlar və gənclər iştirak ediblər.

Seminar-müşavirə DQİDK-nın sifarişi ilə çəkilən Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filminin nümayişi ilə başlayıb.

Filmin nümayişindən sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edərək bildirib ki, seminar-müşavirənin keçirilməsində əsas məqsəd Azərbaycanda dini ekstremizmə qarşı mübarizə sahəsində görülən işləri və qarşıda duran vəzifələri müzakirə etməkdir. O, Azərbaycanda, o cümlədən Lənkəranda milli mənsubiyyətindən asılı olmayaraq hər bir inanclı insanın dini etiqad azadlığının yüksək səviyyədə təmin olunduğunu diqqətə çatdırıb.

T.Qaraşov çıxışında, həmçinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunmuş, eləcə də dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edən “Şəhadət” sənədli filminin əhəmiyyətini vurğulayaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdəki fəaliyyətini yüksək dəyərləndirib.

DQİDK-nın sədr müavini Səyavuş Heydərov Azərbaycan dövlətinin din siyasətinin əsas prioritet istiqamətlərindən danışaraq vurğulayıb ki, dövlətin başlıca vəzifəsi vətəndaşlarımızın dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsi və təkmilləşdirilməsi, həmçinin respublikamızda milli dini kadrların hazırlanmasıdır. O, bu məqsədlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasını, din xadimlərinin maddi təminatının yüksəldilməsi üçün onlara maddi dəstək verilməsini Prezident İlham Əliyev tərəfindən atılmış uzaqgörən, məntiqli və mütərəqqi addım olduğunu diqqətə çatdırıb.

Dini radikalizm və ekstremizmin yaranma səbəbləri, mahiyyəti və ona qarşı mübarizə metodlarından danışan S.Heydərov qeyd edib ki, araşdırmalar Azərbaycandakı bu sabitliyi və inkişafı, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasını istəməyən bəzi xarici dairələr, qüvvələr tərəfindən respublikamıza qarşı pozuculuq fəaliyyətinin bir an belə səngimədiyini göstərir. Çox təəssüf ki, bəzi şəxslər bu qüvvələrin təsirinə məruz qalırlar. Eləcə də bəzi kriminal ünsürlər öz çirkin, məkrli niyyətlərini gizlətmək üçün din libasına bürünərək ölkəmizdəki dini sabitliyə təsir göstərməyə cəhdlər edirlər.

DQİDK sədrinin müavini bildirib ki, bizim başlıca vəzifəmiz vətəndaşlarımızı, xüsusilə gənclərimizi bu cür yad dini ideologiyaların təsirindən qorumaqdır. Bu baxımdan maarifləndirmə tədbirlərinin effektivliyinin artırılmasına xüsusi önəm verilir.

Tədbirdə mövzu ilə bağlı çıxış edən Daxili İşlər Nazirliyinin şöbə rəisi Oqtay Tağıyev, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev və Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə qazısı Qəni Axundzadə dini radikalizm və ektremizmə qarşı həyata keçirilən profilaktik və inzibati tədbirlər, eləcə də son dövrlərdə bu sahə üzrə qanunvericilikdə edilmiş dəyişikliklər barədə məlumat veriblər.

Çıxışlarda qeyd olunub ki, dini ekstremizm ictimai təhlükəsizliyin təminatı üçün ciddi təhlükə mənbəyidir. Ölkəmizdə bəzi kriminal ünsürlərin din pərdəsi altında bir sıra ağır cinayətlər törətməsinə diqqət çəkən natiqlər bildiriblər ki, hüquq mühafizə orqanları ölkəmizdə sabitliyi və əmin-amanlığı pozmağa çalışanlara qarşı bundan sonra da qətiyyətlə mübarizə aparacaqlar.

Həmçinin insanların, o cümlədən gənclərin yad dini ideologiyaların təsirinə düşməməsi üçün daha çox sağlam dini bilgilərə yiyələnmələrinin, ölkəmizdə bu istiqamətdə həyata keçirilən dini maarifləndirmə tədbirlərinin vacibliyi diqqətə çatdırılıb.

Seminar-müşavirəni yekunlaşdıran DQİDK-nın sədr müavini Səyavuş Heydərov tədbir iştirakçılarını qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edərək Məhərrəmlik mərasimlərinin keçirilməsi ilə bağlı dini icma rəhbərlərinə tövsiyələrini çatdırıb.

AzVision.az


Teqlər: Dini-Komitə  





Xəbər lenti