Bakı İstintaq Təcridxanasında yoxlama aparılıb

Bakı İstintaq Təcridxanasında yoxlama aparılıb
  17 Avqust 2018    Oxunub:1284
Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilib.
Ombudsman Aparatından AzVision.az-a verilən məlumata görə, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, təqsirləndirilən şəxslərin daxili intizam Qaydalarına və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı saxlanma şəraiti ilə bağlı qidalanma, ərzaq təminatı, tibbi yardım, müraciətlərinin qəbulu və digər hüquqların təminatı vəziyyəti, habelə rəftar məsələləri araşdırılıb.

Müraciətlərin, saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı həmin müəssisədə bir çox təqsirləndirilən şəxslər fərdi qəbul olunub, hüquqlarının təmin olunması vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər yerində araşdırılıb, bəzi şəxslər barələrində aparılan istintaqdan narazılıqlarını bildiriblər.

Başçəkmə çərçivəsində Ombudsmana ünvanlanmış ərizələr qəbul olunub, qaldırılan məsələlər üzrə hüquqi məsləhətlər verilib, bir sıra müraciətlər isə yerində təmin edilib.

Qeyd olunanlarla yanaşı, başçəkmə çərçivəsində bu müəssisə üzrə Müvəkkilin Milli Preventiv Mexanizm qismində fəaliyyəti çərçivəsində əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icrası vəziyyəti də yerində yoxlanılıb, saxlanılan şəxslərin hüquqlarının effektiv təmini ilə bağlı müəssisə rəhbərliyi ilə söhbətlər aparılmış və müvafiq tövsiyələr verilib.

Başçəkmənin nəticəsi və qəbul olunmuş ərizələrlə əlaqədar aidiyyəti qurumlara müraciət olunacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti