Azərbaycanın hərbi-dəniz tarixində ilkə imza atılıb

Azərbaycanın hərbi-dəniz tarixində ilkə imza atılıb
  18 Avqust 2018    Oxunub:3160
Azərbaycan Sərhəd Mühafizəsinin sürətli inkişafını görmək üçün hər il keçirilən müxtəlif mövzulu təlimlərə nəzər yetirmək kifayətdir. Peşə vərdişlərinin yüksək səviyyədə mənimsənilməsində böyük rol oynayan taktiki təlimlərin keçirilməsi şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsinə xidmət edir.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirilib.

DSX rəisi qeyd edib ki, keçirilən taktiki təlimlərin əsas məqsədi şəxsi heyətə vətənə məhəbbət və qələbəyə inam hislərinin aşılanması, bölmələr arasında əlaqələndirmənin və idarəetmə orqanlarının real döyüş şəraitində birgə fəaliyyətinin yoxlanılması və təkmilləşdirilməsidir.

İllər keçdikcə təlimlərin məqsədi, miqyası və xarakteri dəyişir, qarşıya daha mürəkkəb vəzifələr qoyulur. Döyüş atışı ilə keçirilən irimiqyaslı əməliyyat-taktiki təlimlər zamanı ən müasir silah və texnikadan istifadə edən sərhədçilər sübut edirlər ki, qarşıya qoyulmuş vəzifələri yüksək səviyyədə yerinə yetirməyə qadirdirlər. Son illərdə Azərbaycanın hərbi-dəniz tarixində ilk dəfə dənizdə zenit-artilleriya qurğularından və raket komplekslərindən gecə atışlarının yerinə yetirilməsi, ilk dəfə olaraq Mİ-17 helikopterləri ilə gecə uçuşlarının keçirilməsi bu sahədə qazanılan uğurlardandır. Təlimlərdə ən müasir döyüş texnikasından istifadə, raket buraxılışları, zenit qurğularından, helikopterlərdən, zirehli texnikalardan, minaatanlardan, iriçaplı pulemyotlardan, qumbaraatanlardan döyüş atışları müvəffəqiyyətlə həyata keçirilir.

Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası möhkəmləndirilir, yeni silahlar, döyüş texnikası, xüsusi avadanlıqlar, yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat vasitələri, sualtı əməliyyat və müşahidə, istehkam avadanlığı və qoruyucu vasitələr alınır. Keçirilən taktiki təlimlərin əsas məqsədlərindən biri də məhz yeni silah və texnikanın şəxsi heyət tərəfindən tam mənimsənilməsinə şərait yaradılması, nəzəri biliklərin təcrübədə qüsursuz tətbiq edilməsi vərdişlərinin mükəmməlləşdirilməsidir.

AzVision.az


Teqlər: DSX   General   Təlim  





Xəbər lenti