Bakıda ölümə səbəb olan sürücü tutulub

Bakıda ölümə səbəb olan sürücü tutulub
  18 Avqust 2018    Oxunub:1183
Bakıda ölümlə nəticələnən ağır yol qəzası törətmiş sürücü həbs edilib.
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan AzVision.az-a verilən məlumata görə, avqustun 16-da saat 01:45 radələrində paytaxtın Xətai rayonu ərazisində 1995-ci il təvəllüdlü Elşən Şahverdiyev idarə etdiyi atasına məxsus “Mercedes Benz E 220” markalı "99-FN-212" dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək səkidə 1985-ci il təvəllüdlü Azər Mirzəyev, 1967-ci il təvəllüdlü Fuad Şirinov və 1988-ci il təvəllüdlü Samir Mustafayevi vurub, sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər şəxslər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Fakta görə Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizaları təyin edilib, şahidlərin və sürücünün ifadəsi alınıb, zəruri sənədlər toplanaraq cinayət işinə əlavə edilib və digər istintaq hərəkətləri yerinə yetirilib.

E.Şahverdiyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: Sürücü   Qəza  





Xəbər lenti