Qarabağ əlilinin xanımı və oğlu tələbə oldu - FOTO

Qarabağ əlilinin xanımı və oğlu tələbə oldu - FOTO
  20 Avqust 2018    Oxunub:11550
“Oğluma dəstək olmaq məqsədi ilə imtahan verdim”

Bakı şəhəri 328 saylı məktəbdə ibtidai sinif müəllimi işləyən Kifayət Cabbarova bu il keçirilən qəbul imtahanlarında iştirak edərək Azərbaycan Kooperasiya Universitetinin İngilis dili fakültəsinə qəbul olunub. Onun oğlu Hüseyn Cabbarlı isə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi adını qazanıb.
Ana və övladının eyni vaxtda tələbə olması ictimaiyyət arasında maraqla qarşılanıb.

K.Cabbarova AzVision.az-a açıqlamasında bildirib ki, o, övladına dəstək olmaq üçün imtahana qatılıb.

“Krikulumda fənlərarası inteqrasiya olur. Öz ixtisasım olmasa belə, bəzən ingilis dili dərslərinə böyük maraq göstərirdim. Bu il oğlum imtahana hazırlaşırdı, ona dəstək olmaq üçün mən də qəbul imtahanında iştirak etmək qərarına gəldim. Oğluma dedim ki, gəl, bir yerdə imtahan verək. Həm də özümü sınamaq istəyirdim. Fantastik bal toplamamışıq. Amma qəbul üçün yetərlidir. Mən özəl universitetdə pullu təhsil alacağam, övladım isə ödənişsiz oxuyacaq", - deyə K.Cabbarova həyat yoldaşının Qarabağ əlili olduğunu vurğulayıb.



"Yoldaşım Qarabağ əlili olub, altı il əvvəl rəhmətə gedib. Ailədə iki nəfərik, oğlum və mən. Hamı bizi təbrik etdi, həm də insanlara maraqlı və qəribə gəldi”.

Tələbə adını qazanan ana imtahanlara hazırlaşmaq üçün müəllim yanına getmədiyini əlavə edib: “Müəllim yanına getməmişdim. Məndə ingilis dili orta məktəb bazasındadır. Kiçik hekayələri oxuyuram. Düşünürəm ki, dil hər kəsə lazımdır, uyğun məqamda istifadə edə bilərəm. Amma ibtidai sinif rəhbərliyini dəyişmək istəmirəm. Açığı bir az həyacanlıyam. Tələbəlik və işimin bir-birinə mane olmamasına çalışacağam”.

Qeyd edək ki, K.Cabbarova Azərbaycan Kooperasiya Universitetində qiyabi təhsil alacaq.



Şahanə Rəhimli
AzVision.az


Teqlər: İmtahan   Tələbə   Müəllim  





Xəbər lenti