Xaricdə yaşayan azərbaycanlı gənclər Şəkidə toplaşır

Xaricdə yaşayan azərbaycanlı gənclər Şəkidə toplaşır
  20 Avqust 2018    Oxunub:1942
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay düşərgəsi təşkil olunacaq.
AzVision.az xəbər verir ki, Azərbaycanın dilbər guşələrindən olan qədim Şəki şəhərində təşkil edilən düşərgəyə 37 ölkədən azərbaycanlı gənclər gələcək. Gənclərin Azərbaycana gəlişi avqustun 22-dən başlayacaq. Onlar Amerika Birləşmiş Ştatlarında, Avropanın müxtəlif ölkələrində, keçmiş sovet respublikalarında, müxtəlif Şərq ölkələrində, bir sözlə dünyanın 4 bir yanında yaşayan soydaşlarımızdır.

Düşərgə iştirakçılarının bir qismi doğma vətənləri olan Azərbaycana ilk dəfə səfər edir. Düşərgədə 150-dən artıq gənc toplanacaq, onları maraqlı, yaddaqalan görüşlər, eyni zamanda istirahət və əyləncə gözləyir. Belə ki, gənclər ictimai şəxslər, millət vəkilləri, müharibənin ağrı-acısını yaşamış soydaşlarımız, vətəndaş cəmiyyətinin təmsilçiləri, mədəniyyət xadimləri, eləcə də yerli gənclər və diaspor sahəsinin ekspertləri ilə görüşəcək, tarixi məkanlarla tanış olacaq, turizm potensialı barədə məlumat alacaqlar. Düşərgə iştirakçılarının Qarabağ atlarını da seyr etmək imkanları var. Diaspor gəncləri üçün qısamüddətli olsa da Azərbaycan dili dərsləri də nəzərdə tutulub.

Qeyd edək ki, Diaspor Gənclərinin I Yay düşərgəsi avqustun 28-da başa çatacaq.

AzVision.az


Teqlər: Gənclər   Şəki  





Xəbər lenti