Prezident Azərbaycan xalqını təbrik edib
Vurğulanır ki, mütərəqqi islami dəyərlərə bağlılığı ilə seçilən Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə Qurban bayramını özünün əziz günlərindən biri kimi qoruyub saxlayıb. Hazırda minlərlə həmvətənimizin də aralarında olduğu milyonlarla müsəlman müqəddəs Həcc ziyarətində möhtəşəm həmrəylik nümayiş etdirərək, Uca Yaradana şükranlarını bildirir, ölkəmizdə və dünyada sülhün, əmin-amanlığın bərqərar olması üçün dualar edirlər.
Təbrikdə deyilir: “Bayram günləri müsəlmanlarımız Allah və din yolunda öz müqəddəs borcunu yerinə yetirir, qurbanlar kəsilir, imkansızlara və ehtiyacı olanlara yardımlar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, hər belə bayram cəmiyyətimizdə xeyirxahlığın, birlik və bərabərliyin, Vətənə və milli dövlətçiliyə sədaqətin təntənəsinə çevrilir”.
Prezident İlham Əliyev əmin olduğunu bildirir ki, bu mübarək bayram müstəqil Azərbaycan Respublikasının tərəqqisi naminə xalqımızın qəhrəmanlıq və fədakarlıq qüdrətini artıracaq, ölkəmizdə vətəndaş sülhünü və milli-mənəvi həmrəyliyi daha da gücləndirəcəkdir.
Dövlətimizin başçısı təbriki bu sözlərlə bitirir: “Əziz bacı və qardaşlarım! Kəsdiyiniz qurbanların Allah tərəfindən qəbul olunması arzusu ilə bir daha hər birinizə möhkəm cansağlığı, ailələrinizə firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram. Qurban bayramınız mübarək olsun!”.
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident Bayram Təbrik