Vasif Talıbov yüksək bal toplayan tələbələrə pul verdi

Vasif Talıbov yüksək bal toplayan tələbələrə pul verdi
  21 Avqust 2018    Oxunub:19725
Bu il muxtar respublikada ali məktəblərə qəbul göstəricilərində artım dinamikasına nail olunub, 331 məzun 500-700 arasında bal toplayıb.

AzVision.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikanın ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüşdə bildirib.
Ali Məclisin sədri qeyd edib ki, Azərbaycan dünyada təkcə sabitliyin təmin olunduğu və iqtisadiyyatı inkişaf edən ölkə kimi yox, həm də elm və təhsil ölkəsi kimi tanınır: "Naxçıvan Muxtar Respublikasında da təhsil quruculuğu əsas vəzifələr sırasındadır. İstər ümumtəhsil, peşə, istərsə də orta ixtisas və ali təhsil məktəblərində yaradılan şərait hərtərəfli inkişaf edən, formalaşmış gəncliyin yetişməsinə hesablanıb. Yeni texnologiyaların və distant təhsilin tətbiqi, müasir tədris metodlarından istifadə dünya təhsil sisteminə inteqrasiyanı sürətləndirib".



Tədbirdə qeyd olunub ki, Naxçıvanda 2017-2018-ci tədris ili üzrə ümumtəhsil məktəblərini 2803 məzun bitirib. Məzunların 2307-si ali məktəblərə sənəd verib ki, bu da məktəbi bitirənlərin 82,3 faizini təşkil edir. Qəbul üçün sənəd verən məzunların 1062-ni və ya 46 faizini qızlar, 1245-ni və ya 54 faizini isə oğlanlar təşkil edib.

2018-ci ilin məzunlarından 1542-si ali təhsil müəssisələrinə qəbul olub. Ümumilikdə, ali hərbi məktəblərə
və Azərbaycan Respublikasının digər ali məktəblərinə 1750 məzun qəbul olub ki, bu da həmin təhsil müəssisələrinə sənəd verənlərin 60 faizini təşkil edir. Abituriyentlər ixtisasseçimi zamanı muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinə daha çox üstünlük verirlər. 2018-ci ildə 1170 nəfər, yaxud qəbul olanların 76 faizi ixtisas seçimi zamanı Naxçıvan Muxtar Respublikasında yerləşən ali təhsil müəssisələrini seçiblər ki, onlardan da 744-ü Naxçıvan Dövlət Universitetinə, 215-i “Naxçıvan” Universitetinə, 211-i isə Naxçıvan Müəllimlər İnstitutuna qəbul olub. Tələbə adını qazanan məzunlardan 19-u isə xüsusi təyinatlı ali məktəblərə qəbul olub.



Bu il qəbul imtahanlarında məzunların 331-i 500-700 arası bal toplayıb ki, bu da ötən illə müqayisədə 42 nəfər, yaxud 15 faiz çoxdur. Ali təhsil müəssisələrinə qəbul prosesində yüksək nəticələrə nail olanların 190 nəfərini, yaxud 57 faizini qızlar, 141 nəfərini, yaxud 43 faizini isə oğlanlar təşkil edir. Ötən il ali məktəblərə qəbulda muxtar respublikanın 108 məktəbinin məzunları 500-700 arası yüksək nəticə göstərmişdirsə, bu il bu nəticə artaraq 118-ə
çatıb. Yüksək bal toplayan abituriyentlərin keyfiyyət göstəricisində əvvəlki illə müqayisədə artım olub. Belə ki, ötən tədris ilində 600-700 intervalında nəticə göstərənlərin sayı 30 faiz artaraq 77 nəfərdən 100-ə, 500- 600 intervalında nəticə göstərənlərin sayı isə artaraq 212-dən 231-ə yüksəlib. Həmçinin əvvəlki ildə 500-700 arası bal toplayan məzunlardan 165-i muxtar respublikada fəaliyyət göstərən ali məktəblərdə təhsil almağa üstünlük vermişdisə, cari ildə bu göstərici artaraq 182 nəfər olub.

Daha sonra valideynlər və yüksək bal toplayan məzunlar çıxış edib. Sonra ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplayaraq tələbə adını qazanmış məzunlara “Caspian Energy” jurnalının Naxçıvan Muxtar Respublikasına həsr olunmuş xüsusi buraxılışı və pul mükafatı təqdim olunub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Naxçıvan   Təhsil  





Xəbər lenti