"Merkel mütləq Qarabağı müzakirə edəcək" - Sabiq diplomat

"Merkel mütləq Qarabağı müzakirə edəcək" - Sabiq diplomat
  24 Avqust 2018    Oxunub:2294
“Angela Merkel Avropa İttifaqına daxil olan ən qabaqcıl ölkənin rəhbəridir. Son zamanlar geosiyasi gərginlik fonunda Almaniyanın Azərbaycana olan ehtiyacı artır”

Bu fikirləri AzVision.az-a sabiq diplomat, politoloq Fikrət Sadıqov deyib. Onun sözlərinə görə, Azərbaycanın təbii resursları, qaz məsələləri və Cənub Qaz Dəhlizi və digər amillər Almaniya üçün çox önəmlidir.
“Düşünürəm ki, Merkelin Bakıya səfəri zamanı əsas müzakirələr bu məsələlər ətrafında gedəcək. Eyni zamanda əminəm ki, səfər zamanı Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə baxılacaq. Bu kontekstdə Dağlıq Qarabağ məsələsi mütləq müzakirə olunacaq. Hesab edirəm ki, Azərbaycan tərəfi bu məsələni qabardıb, gündəmə gətirəcək. Bununla bağlı ciddi müzakirələr aparılmalıdır. Ölkələr arasında ikitərəfli münasibətlərin inkişafı göz qabağındadır. Əlaqələr bunda sonra da həm siyasi, həm humanitar, həm də iqtisadi istiqamətlərdə inkişaf etməlidir. Merkelin səfəridən sonra Azərbaycan-Almaniya münasibətlərində yeni bir səhifə açılacaq. Sadəcə hər iki tərəf bundan səmərəli istifadə etməlidir”.

Politoloq qeyd edib ki, Azərbaycan tərəfinin Almaniyadan bir sıra gözləntiləri var: “Almaniya qabaqcıl inkişaf etmiş Avropa dövlətidir. Bu baxımdan Azərbaycana müsbət münasibəti olduqca vacibdir. Dağlıq Qarabağ münaqişəsinin həllində Almaniyadan yeni addımlar gözləyirik. Ərazi bütövlüyümüzün bərpa olunması, onun beynəlxalq səhnədə daha da güclənmiş roluna ehtiyacımız var. Çünki bizi beynəlxalq aləmdə dəstəkləmək, ərazi bütövlüyümüzün bərpa olunması baxımından bir sıra addımların atılması vacibdir. Biz bu məsələdə israrlı olmalıyıq. Hücumedici addımlar atmalıyıq ki, Almaniya bu məsələni dərk edib, Azərbaycanı beynəlxalq arenada dəstəkləsin.

Qeyd edək ki, Almaniya kansleri Angela Merkelin Azərbaycana səfəri avqustun 25-də başlayacaq.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Almaniya   Angela-Merkel   Səfər  





Xəbər lenti