Məkkədə azərbaycanlı hacıların səhhətində problem yaranıb

Məkkədə azərbaycanlı hacıların səhhətində problem yaranıb
  24 Avqust 2018    Oxunub:9578
“Həcc ziyarətinin bütün əməlləri yerinə yetirilib və azərbaycanlı hacılar avqustun 23-də Minadan Məkkəyə qayıdıb".

AzVision.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul nümayəndəsi, hazırda Səudiyyə Ərəbistanında olan Azərbaycanın Həcc missiyasının üzvü Həmdulla Babayev deyib.
Onun sözlərinə görə, azərbaycanlı hacılar avqustun 29-na kimi Məkkədə qalacaq və gündəlik namazları qılacaqlar.

H.Babayev bildirib ki, hazırda azərbaycanlılar arasında ağır xəstə yoxdur: “Sadəcə, insanlar arasında bir az soyuqdəymə halları qeydə alınıb. Bu da təbiidir. Hətta özüm də soyuqlamışam. Çünki isti havaya çıxıb hotelə geri qayıdanda soyuq su içir və kondisionerli otaqda oluruq. Ümumilikdə isə hər şey qaydasındadır. Hər kəsin əhval ruhiyyəsi yaxşıdır”.

QMİ rəsmisi vurğulayıb ki, azərbaycanlı hacılar avqustun 29-dan etibarən Mədinəyə yola düşəcək: “Sentyabrın 1-də isə üç reys olmaqla Bakıya geri dönüşlər həyata keçiriləcək”.

Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Azərbaycana 1440 kvota ayrılıb və qiymət 4150 dollar müəyyən edilib. Ötən il olduğu kimi, Azərbaycandan təkrar Həcc ziyarətinə gedən zəvvarlar əlavə 535 dollar ödəyiblər.

AzVision.az


Teqlər: Məkkə   Ziyarət  





Xəbər lenti