İlham Əliyev: "Heç kim tənqidə görə təqib olunmur"

  26 Avqust 2018    Oxunub : 2667
İlham Əliyev: "Heç kim tənqidə görə təqib olunmur"
"Azərbaycan demokratik dəyərlərə sadiq ölkədir. Azərbaycanda bütün demokratik təsisatlar mövcuddur, bütün azadlıqlar, o cümlədən söz və mətbuat azadlığı təmin edilir. Azərbaycanda yüzlərlə mətbu orqanı fəaliyyət göstərir ki, onların arasında müxalifət mətbuatı da kifayət qədər çoxdur. Yəni, Azərbaycanda heç kim tənqidə, fərqli baxışa görə təqib olunmur, heç kim cəzalandırılmır. Azərbaycanda sərbəst toplaşma azadlığı da təmin edilir və istənilən siyasi qüvvə bu imkanlardan istifadə edə bilər".
AzVision.az xəbər verir ki, bunu avqustun 25-də Azərbaycan Prezidenti İlham Əliyev Almaniya kansleri Angela Merkel ilə keçirilən birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Bildiyiniz kimi, bu il Azərbaycanda prezident seçkiləri keçirilib. Seçkilər ərəfəsində və seçkilərdən sonra müxalifət bir çox aksiya, mitinqlər keçirmişdir - azad, sərbəst şəkildə, heç bir maneəsiz. O başqa məsələdir ki, o aksiyalara min nəfərdən çox adam gəlməmişdir. Bu da yəqin ki, müxalifətin hansı hörmətə malik olduğunu göstərir, ancaq heç bir məhdudiyyət qoyulmur", - deyə dövlət başçısı əlavə edib.

Prezident bildirib ki, Azərbaycan demokratik dəyərlərə, insan haqlarına sadiqdir: "Avropa Şurası təkcə Azərbaycanı yox, bir çox ölkələri tənqid edir. Biz bu tənqidə normal yanaşırıq. Əgər tənqid əsaslıdırsa, biz, əlbəttə, nəticə çıxarırıq. Əgər biz hesab ediriksə, bu tənqid əsassızdır, qərəzlidir, ikili standartlara əsaslanır, əlbəttə ki, öz sözümüzü deyirik, açıq şəkildə bildiririk. Mən də giriş sözümdə qeyd etdim ki, xanım Kanslerlə insan haqları, demokratik inkişafla bağlı məsələlər açıq, konstruktiv şəkildə müzakirə edildi və bu məsələlər bundan sonra da müzakirə olunacaq.

Bizim gündəliyimiz çox genişdir və müzakirə olunan bütün məsələlər eyni əhəmiyyət daşıyır - energetika, nəqliyyat, ticarət, regional təhlükəsizlik, o cümlədən demokratik inkişaf. Avropa İttifaqı ilə Azərbaycan arasında bu gün müzakirə olunan yeni sazişdə də demokratik məsələlərə geniş yer ayrılır. Yəni, biz bu yola şüurlu şəkildə getmişik, heç kim bizi məcbur etməyib. Azərbaycan müasir, demokratik ölkə kimi bundan sonra da uğurla inkişaf edəcək, bizim siyasi və iqtisadi islahatlarımız bir-birini tamamlayaraq Azərbaycanı daha da yüksək səviyyəyə çıxaracaq".

AzVision.az

Teqlər: İlham-Əliyev   Prezident