Şəmkir sərhəd dəstəsində tədbir keçirilib

Şəmkir sərhəd dəstəsində tədbir keçirilib
  28 Avqust 2018    Oxunub:2154
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə Tədbirlər Planına uyğun olaraq Şəmkir sərhəd dəstəsində “Hərbi vətənpərvərlik: silahlı qüvvələrimiz və milli-mənəvi dəyərlərimiz” mövzusunda seminar keçirilib.
Komitədən AzVision.az-a verilən xəbərə görə, seminardan öncə iştirakçılar hərbi hissədə Heydər Əliyev İdeoloji Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən zəngin foto-ekspozisiya ilə tanış olublar. Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən DQİDK-nın sədr müavini Səyavuş Heydərov bu cür seminarların keçirilməsində əsas məqsədin ölkəmizdə vətənpərvər və sağlam düşüncəli gənclər yetişdirmək, onları Vətənə hədsiz məhəbbət, xalqının tarixinə, mədəniyyətinə və milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə etmək, eləcə də dini fanatizm, dini radikalizm və dini ekstermizm meyillərinə qarşı mübarizə aparmaq olduğunu bildirib.

Sədr müavini vətənpərvərliyin gücləndirilməsində milli-mənəvi dəyərlərin özünəməxsus rolu olduğunu, DQİDK-nın bu istiqamətdə müvafiq dövlət orqanları ilə sıx əməkdaşlıq etdiyini, bütün hərbi hissələrdə maarifləndirici tədbirlərin keçirildiyini qeyd edib.

Tədbirdə yaradılmasının 100 illiyini bu yaxınlarda qeyd etdiyimiz, ən müasir silah və texnikaya malik olan Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən qabaqcıl ordularından birinə çevrildiyi, 2018-ci il iyun ayının 26-da “Azadlıq” meydanında yüksək təntənə ilə keçirilən möhtəşəm hərbi paradda respublikamızın hərbi qüdrətinin bütün dünyaya bir daha nümayiş olunduğu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında işğal altında olan torpaqlarımızı mənfur düşmənlərdən azad etməyə hər an hazır olduğumuz qürurla vurğulanıb.

Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətlərini, böyük dövlət xadiminin sahə üçün müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıldığını xüsusi qeyd ediblər.

Seminarda dini amillərdən istifadə edərək radikallığa cəhd göstərən qüvvələrə qarşı mübarizədə hamının, xüsusən gənc nəslin sayıqlıq göstərməsinin zəruriliyi diqqətə çatdırılııb. Tədbirin sonunda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.

AzVision.az


Teqlər: DSX  





Xəbər lenti