“ASAN xidmət” nazirliklə əməkdaşlıq edəcək - FOTOLAR

“ASAN xidmət” nazirliklə əməkdaşlıq edəcək - FOTOLAR
  28 Avqust 2018    Oxunub:3492
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb.
AzVision.az xəbər verir ki, memorandumu nazir Sahil Babayev və Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev imzalayıblar. Tədbirdə S.Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası istiqamətində aparılan işləri diqqətə çatdırıb. O bildirib ki, Fərmana əsasən, nazirliyin tabeliyində yaradılacaq DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi və DOST mərkəzləri dövlət sosial xidmətlərinin keyfiyyətinin müasir texnologiyalar üzərində, innovativ həllərin tətbiqi əsasında yüksəldilməsini, bu xidmətlərin “bir pəncərə” üzrə sistemli, sadələşdirilmiş prosedurlarla şəffaf və operativ təşkilini təmin edəcək.



Nazir qeyd edib ki, bu sahədə müvafiq infrastrukturun qurulması, informasiya-kommunikasiya texnologiyaları üzrə həllərin tətbiqi, kadrların hazırlanması, hüquqi əsasların formalaşdırılması işlərində “ASAN xidmət”lə təcrübə mübadiləsinə xüsusi önəm verilir. S.Babayev sosial xidmət müəssisələrində yaşayan pensiyaçıların əmək bazarına qaytarılması üçün “ASAN xidmət”lə birgə “Yaşlı könüllülər” layihəsinin həyata keçiriləcəyini də vurğulayıb. O, hazırda imzalanan Memorandumun bu istiqamətlərdə, eləcə də müvafiq fəaliyyət sahələri üzrə könüllülük fəaliyyətinin təşkili və s. sahələrdə birgə fəaliyyətə, fəal əməkdaşlığa geniş imkanlar yaratdığını vurğulayıb.



Ü.Mehdiyev bu günədək "ASAN xidmət" mərkəzlərinə daxil olan müraciətlərin sayının 24 milyona çatdığını və vətəndaş məmnunluğunun 98-100% arasında dəyişdiyini vurğulayıb. O, çıxışında bildirib ki, imzalanan memorandum sosialyönümlü layihələrinin icrasında birgə əməkdaşlığa xüsusi töhfə verəcək. Memoranduma əsasən sağlamlıq imkanları məhdud gənclərin “ABAD” mərkəzlərinin fəaliyyətinə cəlb edilməsi, “ASAN həyat” komplekslərində əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunması, “ASAN Könüllülük Məktəbi” ilə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub. Həmçinin sosial xidmət müəssisələrində yaşayan insanların əmək bazarına qaytarılması, onların əməyinin stimullaşdırılması və digər sahələrdə əməkdaşlığın vacibliyi xüsusi qeyd olunub. Ü.Mehdiyev vurğulayıb ki, sağlamlıq imkanları məhdud gənclərin könüllülük fəaliyyətində iştirakına şərait yaradılması da birgə əməkdaşlığın əsas istiqamətlərindən olacaq.



Memorandum DOST Agentliyi və DOST mərkəzləri üzrə infrastrukturun qurulması, kadr hazırlığı, İKT həllərinin tətbiqi, əmək, məşğulluq və sosial müdafiə sahələrində e-xidmətlərin, informasiya sistemlərinin və ehtiyatlarının yaradılması, təkmilləşdirilməsi, “Elektron hökumət” portalı vasitəsilə inteqrasiyası, ictimaiyyətlə əlaqələr strategiyasının hazırlanması sahəsində əməkdaşlığı nəzərdə tutur.



Memorandum, eyni zamanda,sağlamlıq imkanları məhdud gənclərin əməyinin maddi və mənəvi stimullaşdırılması üçün könüllülük fəaliyyətinə cəlb olunması, sosial cəhətdən həssas qrupların rifah halının yaxşılaşdırılmasına birgə dəstək tədbirlərinin həyata keçirilməsi, müvafiq mövzularda təbliğat-maarifləndirmə məqsədilə “ASAN” radionun imkanlarından istifadə edilməsi və s. üzrə əməkdaşlıq istiqamətlərini əhatə edir.

AzVision.az


Teqlər: ASAN-xidmət   ƏƏSMN   DOST   ASAN-həyat  





Xəbər lenti