Binəli Yıldırım İlham Əliyevin qəbulunda - Yenilənib

  29 Avqust 2018    Oxunub : 2039
Binəli Yıldırım İlham Əliyevin qəbulunda - Yenilənib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AzVision.az xəbər verir ki, dövlətimizin başçısı ilk növbədə Binəli Yildırıma Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsinə seçilməsi münasibətilə təbriklərini çatdırdı. Prezident İlham Əliyev Binəli Yıldırımın Baş nazir və digər vəzifələrdə çalışdığı dövrlərdə Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin möhkəmlənməsinə, Bakı-Tbilisi-Qars layihəsinin reallaşması işinə öz töhfəsini verdiyini vurğuladı.

Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə daim inkişaf etdiyini deyən dövlətimizin başçısı ölkələrimizin həyata keçirdiyi birgə qlobal layihələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan, TANAP, Bakı-Tbilisi-Qars layihələrinin böyük önəm daşıdığını qeyd etdi. Dövlətimizin başçısı bildirdi ki, Türkiyə və Azərbaycan bütün dövrlərdə bir-birinə dəstək olub və bu gün də bir yerdədirlər. Prezident İlham Əliyev Binəli Yıldırımın Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsində çalışdığı dövrdə də parlamentlərarası əlaqələrimizin uğurla inkişaf edəcəyinə əminliyini bildirdi, ona bu vəzifədə uğurlar arzuladı.

Xoş sözlərə və təbriklərə görə minnətdarlığını bildirən Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Binəli Yıldırım Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliyi ifadə etdi. Türkiyə Böyük Millət Məclisinin sədri kimi ilk rəsmi səfərini Azərbaycana həyata keçirməsindən məmnunluğunu bildirən Binəli Yıldırım qeyd etdi ki, onun Azərbaycanda birinci dəfə 15 il bundan əvvəl olduğu dövrlə müqayisədə ölkəmiz çox böyük inkişafa nail olub və Azərbaycanın tərəqqisi Türkiyədə böyük sevinc hissi doğurur.

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin dövlət başçısına çatdırmağı xahiş etdi.

AzVision.az

Teqlər: Türkiyə   İlham-Əliyev