Rusiya Paşinyanı Köçəryanın əli ilə vurur - ŞƏRH

  29 Avqust 2018    Oxunub : 1566
Rusiya Paşinyanı Köçəryanın əli ilə vurur - ŞƏRH
Ermənistanda Nikol Paşinyanın iqtidarı ələ keçirməsindən sonra ən çox diqqət çəkən fiqur sabiq prezident Robert Köçəryandır. Qısamüddətli həbsdən sonra aktiv siyasətə qayıdan Köçəryan hazırda baş nazir Paşinyanın əsas rəqibidir. Bəs Köçəryanı aktiv siyasətə qayıtmağa nə vadar etdi? O, Paşinyanı taxtından sala biləcəkmi?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu AzVision.az-a bildirib ki, Köçəryanın aktiv siyasətə qayıtması bir neçə amillə bağlıdır. Onun sözlərinə görə, Ermənistanın sabiq prezidenti müqavimət göstərmək üçün mütləq mübarizə aparmalıdır. Bunu etməsə, onu çox asanlıqla məhv edəcəklər.



"Ona görə Köçəryan düşünür ki, mübarizə ilə həbs təhlükəsinin qarşısını almalıdır. Həbs olunsa belə bunun siyasi səbəblərdən irəli gəldiyi görüntüsünü yarada bilsin. Digər amil ondan ibarətdir ki, Köçəryan özünü ruspərəst kimi göstərir, Rusiyanın mövqelərini müdafiə edir. Eyni zamanda Qarabağ klanının əsas fiqurudur. Bu iki istiqamətdə baş nazir Nikol Paşinyana qarşı hücumlar təşkil edəcək”.

Politoloq hesab edir ki, yaxın perspektivdə Köçəryan müxalifətin liderliyinə iddia edəcək: “Köçəryan iki müxalif qüvvəni – Respublikaçılar və Daşnaksütyun partiyalarını öz liderliyi altında cəmləşdirməyə çalışacaq. Bu iki partiya 105 yerlik parlamentdə 57 deputata malikdir. O, iki partiyanın liderliyinə iddia etməklə, Paşinyanın baş ağrılarını artıra bilər. Hazırda Paşinyanın reytinqi nisbətən yüksəkdir. Amma may ayında keçiriləcək erkən parlament seçkilərinə kimi reytinqi düşə bilər. Çünki Paşinyan islahat apara bilmir, həmçinin resurslar yoxdur. Eyni zamanda müxalifətin hər tərəfdən təzyiqi ilə üz-üzədir. Bu səbəbdən Köçəryan Rusiyadan müəyyən dəstəyə ümid etməklə mövqelərini gücləndirə bilər.



Amma Robert Köçəryanın ən zəif nöqtəsi 2008-ci il hadisələridir ki, 10 nəfərə yaxın erməni öldürülüb. Bu hadisə bir qədər əlini zəiflədir. Çünki insanlar qətlə yetirilib və bu məsələyə görə cavabdehlik daşıyır. Amma bir məsələni önə çəkir ki, guya onun prezidentliyi dövründə iqtisadi vəziyyət indikindən yaxşı olub. Hardasa, fikirlərində müəyyən həqiqət var. Çünki onun prezidentliyi dövründə iqtisadi vəziyyyət indiki kimi bərbad deyildi. Bu da aparılan xüsusi islahatların yox, köhnə resursların hesabına idi. Eyni zamanda Köçəryan Azərbaycan torpaqlarının işğalına görə nüfuzunun yüksək olduğunu düşünür. Bu baxımdan yaxın perspektivdə Paşinyana əsas rəqiblərdən biri sabiq prezident Robert Köçəryan ola bilər. Ümumiləşdirsək, bunun üçün üç mühüm faktor var. Birinci, Qarabağm klanının ən tanınmış nümayəndəsidir. İkinci, torpaqlarımızın işğalına birbaşa başçılıq etməsi erməni cəmiyyətindəki nüfuzunu gücləndirir. Üçüncü isə Rusiya ilə sıx bağlılığıdır”.

E.Şahinoğlu qeyd edib ki, artıq Rusiya da Paşinyana qarşı Köçəryanı dəstəkləyir: “Açıq şəkildə olmasa da hazırda Köçəryan Rusiya tərəfindən tam dəstəklənir. Onun Rusiya prezidenti Vladimir Putinlə şəxsi dostluğu var. Rusiya onu birbaşa müdafiə etmir. Çünki, bu, Ermənistanın daxili işlərinə qarışmaq olardı. Amma, qeyri-rəsmi Köçəryana dəstək böyükdür. Çünki öz adamları olduğunu bilirlər. Etiraf etmək lazımdır ki, Köçəryan Sarkisyandan güclü fiqur hesab olunur. Ona görə, Rusiyanın Paşinyanı zəiflətmək planı işə düşəcəksə, bunu Köçəryanın əli ilə etməyə çalışacaqlar”.



Politoloqun fikrincə, Respublika partiyasının rəhbərliyinə Köçəryan keçə bilər: “Respublika partiyasının katibi Şarmazanov sonuncu açıqlamasında eyham vurdu ki, Köçəryana dəstək verə bilərlər. Sarkisyan qorxaq fiqurdur. Sarkisyanın Paşinyana qarşı bircə açıqlaması yoxdur. Amma Köçəryan bütün istiqamətlərdə fəallaşıb. Qəsdən Yunanıstandan dönüb və bəyan edir ki, onu həbs etsinlər. Yəni Köçəryan özünü siyasi mübarizəyə hazırlayır. Şəxsən həm Sarkisyan, həm də Köçəryandan 90-cı illərdə müsahibə almışam. Öz təəssüratlarım da bunu deməyə əsas verir. Ona görə də Respublika partiyası Sarkisyanı Köçəryanla əvəzləyə bilər. Çünki Sarksiyanla onları böyük məğlubiyyət gözləyir. Amma Köçəryan Paşinyana müqavimət göstərə bilər. Bundan başqa düşünürəm ki, Daşnaksütyun partiyası da Köçəryana dəstəyini ifadə edəcək”.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: Paşinyan   Köçəryan