Tanınmış gəncəlilərin yeni başçıdan gözləntiləri: "Ona inanırıq..."

Tanınmış gəncəlilərin yeni başçıdan gözləntiləri: "Ona inanırıq..."
  30 Avqust 2018    Oxunub:3786
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev avqustun 28-də Elmar Vəliyevi Gəncənin icra başçısı vəzifəsindən azad edib. Onun yerinə Niyazi Bayramov təyin edilib. Ötən gün kollektivə təqdim olunan yeni başçı artıq vəzifəsinin icrasına başlayıb.
AzVision.az Gəncədən olan bir neçə tanınmış şəxs arasında sorğu keçirərək onların yeni başçı barədə gözləntilərini öyrənməyə çalışıb.



Xalq artisti, müğənni Şahnaz Həşimova ümid edir ki, gəncəlilər Niyazi Bayramovun işindən razı qalacaqlar.

“Yeni icra başçısını təbrik edirəm, ona can sağlığı, uzun ömür, işində uğrular arzu edirəm. İnanıram ki, prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Gəncəmiz bundan sonra da çiçəklənəcək, inkişaf edəcək. İnsanların güzəranı gözəl, xoşbəxt olacaq. Niyazi müəllimi şəxsən tanımırdım. Bilirdim ki, Mingəçevirin icra başçısıdır və orada insanlar çox xoşbəxtdirlər. Mingəçevirlilər onu çox sevirlər. İnanıram ki, gəncəlilər də Niyazi müəllimi çox istəyəcəklər. Ona inanırıq”.



Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət "Yuğ" Teatrının baş rejissoru Mehriban Ələkbərzadə Gəncənin qədim şəhər olduğunu və gəncəlilərə hörmətlə yanaşmağın vacibliyini nəzərə çatdırıb.

“Mən düşünürəm ki, Cavadxandan və Ziyadoğlulardan sonra Gəncə əhalisi fərqli olduğunu sübut edib. Onlarla hörmətlə, heysiyyatlarına toxunmadan rəftar etmək mütləqdir. Onların probleminə öz probemin kimi baxmalı və yaxın olmalısan. İnsanlara yuxarıdan aşağı baxmaq, saymamaq yol verilməzdir. Güman edirəm ki, qarşılıqlı münasibət şəklində yeni bir yanaşma tərzi, bu insanların problemlərinə ən azı qulaq asmaq və onları dinləmək istəyi olacaq. İstər siyasi- iqtisadi, istərsə də mənəvi baxımdan insanları dinləmək, eşitmək lazımdır. Ümumilikdə. Azərbaycanın digər bölgələrində də belə olmalıdır. Gəncə isə Cavad xanın yurdudur, bunu anlamaq, bilmək gərəkdir".



Karate üzrə dünya çempionu, Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev yeni başçıdan gözləntilərini açıqlayıb. O, N.Bayramovun təcübəli şəxs olduğunu, işində uğur qazana biləcəyini deyib.

“Yeni təyin olunmuş icra başçısı çox təcrübəlidir. Axrıncı dəfə Mingəçevir şəhərinə gedəndə oranı tanımadım. Doğurdan da gözəl şəhərə çevrilib. Bildiyimə görə, Niyazi müəllim çox mədəni insandır. İnsani cəhətləri yüksəkdir. O, Fövqəladə Hallar Nazirliyində çalışıb, Qarabağda döyüşüb. Bir sözlə, təcrübə öz sözünü deyəcək. İnanıram ki, Gəncənin inkişafı davam edəcək. Yeni başçı əlindən gələni edəcək ki, Gəncə daha da gözəlləşsin”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Gəncə   İcra-başçısı  





Xəbər lenti