"Gürcüstan və Azərbaycan strateji tərəfdaşdır" - Baş nazir

"Gürcüstan və Azərbaycan strateji tərəfdaşdır" - Baş nazir
  30 Avqust 2018    Oxunub:2013
"Gürcüstan və Azərbaycan strateji tərəfdaşdırlar və bu, çox böyük nailiyyətdir. Bizim üçün xalqlar arasında münasibətlər çox önəmlidir"

AzVision.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Mamuka Baxtadze avqustun 30-da Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşdə deyib.
Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu bildirən Gürcüstanın Baş naziri “Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin sədri kimi dəfələrlə Bakıda olduğunu xatırladıb, paytaxtımızda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat hissi oyatdığını deyib və bunu Azərbaycanın böyük iqtisadi tərəqqisinin göstəricisi kimi qiymətləndirib:

"Bizim üçün, eyni zamanda, mehriban qonşuluq, dost və qardaşlıq əlaqələri çox vacibdir. Bizim əcdadlarımız əlaqələrimizin təməlini çox gözəl qoyublar və bu əlaqələr bunun əsasında artıq sürətlə inkişaf edir. Bizim birlikdə həyata keçirdiyimiz regional layihələr beynəlxalq əməkdaşlıq və region üçün həqiqətən çox faydalıdır. Bizim regional əməkdaşlıq çərçivəsində nəqliyyat, energetika və digər sahələrdə böyük uğurlarımız var. Əlbəttə, potensialımız böyükdür və ümid edirəm ki, ikitərəfli əlaqələr nəticəsində və ikitərəfli layihələr həyata keçirməklə bu potensialı biz daha da yaxşı inkişaf etdirə bilərik".

M.Baxtadze qeyd edib ki, ölkələr arasında ticari dövriyyəsi daha da artmaqdadır: "Bu il bu, ola bilsin milyard dollara çatsın, lakin bizim potensialımızın tam istifadəsi demək deyil, daha çox potensialımız mövcuddur. Əminəm ki, ikitərəfli əməkdaşlıq nəticəsində gələn iki il ərzində biz bunu 50-60 faizə qədər artıra bilərik. Sevindirici haldır ki, eyni zamanda, digər sahələrdə, o cümlədən -mədəniyyət, incəsənət, idman sahələrində də əməkdaşlığımız səmərəlidir. Sevindirici haldır ki, Azərbaycan turistləri və investorlar Gürcüstanda özlərini çox rahat hiss edirlər. Əminəm ki, biz birgə səylərimiz nəticəsində daha çox böyük məqsədlərimizə nail ola bilərik. Səmimi qəbulunuz üçün təşəkkür edirəm".

AzVision.az


Teqlər: Mamuka-Baxtadze   İlham-Əliyev  





Xəbər lenti