“Başa düşmürəm, nədən danışırsınız?” – Xaçatryan cinayətləri gizlədir

“Başa düşmürəm, nədən danışırsınız?” – Xaçatryan cinayətləri gizlədir
  30 Avqust 2018    Oxunub:3041
Ermənistanın Xüsusi İstintaq Xidmətinin (XİX) rəhbəri Sasun Xaçatryan 2000-ci illərin siyasi cinayətləri, xüsusən də 2008-ci ilin mart qırğını ilə bağlı istintaqın davam etdiyini və günahkarların cəzalandırılacağını dəfələrlə bəyan edərək vədlər versə də, nədənsə daha əvvəlki dövrlərdə gerçəkləşdirilən cinayətlərlə bağlı həmişə susqunluq nümayiş etdirib.
AzVision.az xəbər verir ki, bu gün jurnalitstlərlə söhbətində Xaçatryan Ermənistanda 1990-cı illərdə törədilən siyasi qətllər barədə səslənən sualları eşitməzdən gəlməyə çalışıb.

Belə ki, jurnalistlərin “90-cı illərdəki siyasi cinayətlər barəsində də istintaq aparılacaqmı?” sualına cavab olaraq XİX rəhbəri söhbətin istiqamətini dəyişərək mövzunu ümumilikdə cinayətlərin açılmasını məsələsinə gətirib. Erməni KİV-ləri yazır ki, hətta Xaçatryan az qala həmin dövrdə heç bir siyasi sifarişli cinayətlərin törədilmədiyini deməyə çalışıb.

“Əgər söhbət açılmamış cinayət işlərindən gedirsə, onda əlbəttə ki, istintaq aparılacaq. Başa düşmürəm ki, siz nədən danışırsınız...”, – deyə Xaçatryan qəzəbli şəkildə jurnalistlərə bildirib.

Qeyd edək ki, erməni KİV-ləri 1990-cı illərdə Ermənistanda çox sayda səs-küylü və böyük qalmaqallara səbəb olan siyasi qətllər törədildiyini yazıb. Onların sırasında ən qalmaqallısı isə 1999-cu ilin oktyabrında bir qrup silahlı şəxsin Ermənistan parlamentinə hücum edərək baş nazir Vazgen Sarkisyanı və parlamentin spikeri Karen Dəmirçiyanı, həmçinin daha 6 nəfər dövlət rəsmisini güllələməsidir. Daha sonra cinayəti törədənlər həbs olunsalar da, qətlin sifarişçilərinin kim olduğu üzə çıxarılmayıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Rusiya  





Xəbər lenti