Ədliyyə naziri vətəndaşları qəbul edib

Ədliyyə naziri vətəndaşları qəbul edib
  31 Avqust 2018    Oxunub:1673
Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq avqustun 31-də ədliyyə naziri Fikrət Məmmədov Hacıqabul rayonundakı Heydər Əliyev Mərkəzində Hacıqabul, Şirvan və Kürdəmir rayonlarından olan vətəndaşların qəbulunu keçirib.

Qəbuldan əvvəl nazir və Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Səfər zamanı ədliyyə naziri, həmçinin yerli ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, ədliyyə işçiləri və hakimlərlə müşavirə keçirib.

Müşavirədə ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı dövlətimizin başçısının tapşırıqlarından irəli gələn vəzifələr diqqətə çatdırılıb, ədliyyə və məhkəmə sisteminin müasirləşməsi, qabaqcıl texnologiyaların tətbiqi, məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması, probasiya xidmətinin fəaliyyətinin təşkili ilə bağlı tapşırıq və tövsiyələr verilib, şəffaflığın və vətəndaş məmnunluğunun təmin olunması, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi qeyd edilib.

AzVision.az


Teqlər: Fikrət-Məmmədov   Qəbul  





Xəbər lenti