Tanış olun, bu da 9 yaşlı "Modern"çilər - REPORTAJ (FOTOLAR)

Tanış olun, bu da 9 yaşlı "Modern"çilər - REPORTAJ (FOTOLAR)
  01 Sentyabr 2018    Oxunub:10040
Bu gün Modern.az xəbər saytının 9 yaşı tamam olur. Böyük əziyyət və çətinliklər hesabına yaranan sayt indi öz ayaqları üzərində möhkəm durub. Əminliklə demək olar ki, bu illər ərzində "Modern"çilər oxucuların rəğbətini, inamını qazana biliblər.
Əlamətdar gündə həmkarlarımızı təbrik etmək üçün saytın redaksiyasına yollandıq. Kollektivlə söhbət zamanı öyrəndik ki, yaşları kimi sayları da 9-dur. Yəni, gün ərzində onlarla xəbər istehsal edən saytın cəmi 9 əməkdaşı var.

Redaksiyada ad günü ərəfəsi olduğundan ortamın səs-küylü olacağını düşünürdük. Qarşılaşdığımız mənzərə isə tam fərqli oldu. Hamı sakitcə kompüterin arxasında əyləşib, sükuta qərq olmuş otaqda xəbər "ovuna" çıxmışdı

Özümüzü itirmədik. "Sizdən yazmağa gəlmişik, tez olun, açın sandığı, tökün pambığı" deyib reportaja başladıq.

Söhbətin əvvəlində müxbirlərlə eyni otaqda əyləşən redaktor Əfqan Qafarlı məsləhət gördü ki, suallarımızı birinci ona yox, saytın baş redaktoru Elşad Eyvazlıya ünvanlayaq. Elə də etdik....

Bir vaxtlar işdən icazə almaq, hansısa xəbəri dəqiqləşdirmək üçün girdiyim otaqda bu dəfə qonaq idim. Bir zamanlar saytın əməkdaşı olduğum üçün keçmiş xatirələri yada saldıq, mənim üçün unudulmaz olan günlərdən danışdıq. Sonra Elşad Eyvazlının icazəsi ilə bizi və oxucuları maraqlandıran sualları ona ünvanladıq.



Baş redaktorun sevimli rəqəmi...

E.Eyvazlı deyir ki, 9 il çox böyük vaxtdır. Bu, onun üçün həm sevimli, həm də əziyyətli rəqəmdir.

"9-la 10 arasında dünyalar qədər fərq var. Mənim üçün əziyyətli bir rəqəmdir. Həyatım boyu əziyyəti xoşlayan olmuşam. Bəlkə də ona görə bu rəqəm mənə doğmadır. 10 yaş olacaq, ya olmayacaq, bunu Allah bilir. Amma 9-a boylanıb baxanda əziyyətin zirvə nöqtəsini görürəm. Doğurdan da çətin və əziyyətli bir iş görmüşük".

"Modern.az" gündəmlə ayaqlaşa bilirmi?

E.Eyvazlı: "Mən desəm ki, axar ilə getmişik, yalan deyə bilərəm. Çünki elə bir zamanda yaşayırıq ki, bir günə 20 sayt yaranır. Modern.az yarananda bazarda boşluq var idi. İndi isə o qədər sıxlıq var ki...Və bura multimedianı yaxşı bilən gəncləri əlavə etsək, görərsiniz ki, tempi saxlamaq həmişə mümkün deyil. Bizim universiteti bitirdiyimiz vaxtla indiki gənclərin dövrü eyni deyil, onlar multimedianı bizdən çox bilirlər. Ona görə də əvvəlki vaxtlarla müqayisədə oxucu baxımdan xeyli itkimiz olub. Mənim üçün artıq birincilik və ya ikinclik məsələləri bitib. İndi öz qarşımıza başqa hədəf, yol qoymuşuq, bu istiqamətdə getmək lazımdır. Müasir oxucunun zövqü başqadır. Onun diqqətini "yandı", töküldü, öldü" kimi xəbərlər çəkir".



Problem olmayanda darıxırlar...

Baş redaktorun sözlərinə görə, o, hansısa problemlə qarşılaşanda daha güclü olur, problem olmayan gün isə darıxır:

"Yəqin, xarakterim belədir. Mövzunu deyirəm, müxbir səhlənkarlıq edirsə, o mövzunu özüm işləyirəm. Çünki aradakı boşluğu ortadan qaldırmalıyam. Bizdə hansısa xüsusi gestapo rejimi yoxdur. Ancaq yeni gələn hər bir əməkdaşa ilk dediyim söz budur ki, redaksiyanın qapısından içəri girdinsə, sən dost və ya qohum deyilsən, xəbər istehsalçısısan. Əməkdaşlarımızla əvvəlcədən belə danışmışıq ki, yalnız öz probleminizi deyil, ailənizin də deyilə bilən problemini mənimlə bölüşə bilərsiniz. Mən böyük bir adam deyiləm, sizə bəlkə də böyük köməyim dəyməz. Hər halda ən azı mənəvi dəstək ola bilərəm, ən azı harasa zəng vurub kömək etməyə çalışaram. Çünki müxbirin beyni ailəsinin yanında olsa, o yaxşı işləyə bilməyəcək. Ona görə bizdə mümkün qədər çox tələbkarlıq var. Bir mövzunu verəsən, müxbir işləməsə, dünya dağılar.

Qızıl qaydalarımızdan biri də odur ki, bir az kasıb yaşaya bilərsən, amma jurnalist kimi üzü ağ, hamının gözünün içinə dik baxmaqdan böyük varlıq, zənginlik yoxdur. Biz bunu əməkdaşlarımıza öyrətmişik. Bir də dövlətini, millətini sevmək başda duran məsələdir".



Baş redaktorla söhbətimizi yekunlaşdırıb, saytın gənc əməkdaşlarını yanına yollanırıq. Onlarla ad günü təəssüratlarından başlayıb, üzləşdikləri maraqlı olaylar kimi bir çox maraqlı mövzular ətrafında söhbətimizi davam etdiririk.

Səhv axtaran və sözünü üzə birbaşa deyən qız



Saytın sosial yazarı Gülşən Raufqızı deyir ki, redaksiyada çox sakit bir ortam var. Başqa redaksiyalardan fərqli olarq burada intriqaya rast gəlmək olmaz. Vay o günə ki, həm özünün, həm də başqalarının yazısında hansısa hərf səhvi ola. İlk reaksiya verən məhz Gülşən olur. Dediyinə görə, səhvlərə qarşı dözümsüzdür:

“Xəbər yükündən asılı olmayaraq, hazırladığım materialı redaktora təhvil verməmiş bir neçə dəfə mütləq gözdən keçirirəm. Əgər təcili yazılmış xəbərdirsə, səhv olma ehtimalı varsa, saytda çıxan kimi nəzər yetirirəm. Artıq məndə vərdiş formalaşıb - hərf, üslub səhvləri, cümlələr arasında rabitəsizlik dərhal nəzərimə çarpır. Nəinki öz yazılarıma, saytda gedən bütün yazılara baxıram. Nədənsə elə bilirəm ən sanballı yazıda gedən kiçik səhv onun mahiyyətinə xələl gətirir. Əgər yazılarda hərf səhvi varsa, dərhal düzəlməsini istəyirəm. Sanki bir anın içində minlərlə insan o yazını oxumuş və həmin səhvi görmüş kimi hiss edirəm. Əfqan müəlllim bir az zəhmli adamdır. Buna baxmayaraq, bizim səhvlərimizi, başlığı dəyişmək istəyimizi normal qarşılayır, heç vaxt demir ki, sən müxbirsən, otur yerində”.

Müsahiblərlə dalaşan müxbir-redaktor



Aqşin Kərimov saytda həm müxbir, həm də redaktor kimi çalışır. Onu "veteran" da adlandırmaq olar. 2012-ci ilin noyabrından burada işləyir. Aqşin "müxbirlərin əlindən bir redaktor kimi çox çəkirsənmi" sualıma belə cavab verir:

“Bəzən çox əsəbiləşirəm. Ən çox iradlarımı həyat yoldaşım Namidəyə bildirirəm. Bir neçə ilin jurnalistinin adi səhv etməsi məni əsəbiləşdirir. Axı o, yeni işçi deyil. Səhv hamıda olur. Mənim öz yazılarımda da olur. Bu, normaldır”.

Həmsöhbətim 6 il ərzidə başına gələn maraqlı hadisələrdən söz açıb: “Bir dəfə "moşennik" QHT-çinin tədbirinə getmişdim. Məndən başqa orada heç bir jurnalist yox idi. Əfqan müəllim buna görə məni yaxşıca danladı. Elşad müəllimin isə əsas iradları qoyulan başlıqla bağlı olur. Və ya yazının içində səhv olanda narazılıq edir. Məsuliyyət daşıyıramsa, başımı aşağı salıram. Haqlı olanda isə mən də etirazımı bildirirəm. Mənim macəralarm çox olub. Telefonda çox pis dalaşmışam. Müsahibələrə görə kobud ifadə işlədiblər, mən də 5 qat cavablarını vermişəm. Heç də peşman deyiləm, yaxşı etmişəm.



Yadımdadır bir dəfə də Akif Nağıya zəng etməkdən çaşıb Akif Aşırlıya zəng etmişdim. O da mövzu haqqında danışdı. Bir neçə sualdan sonra dedi, sən hara zəng etmisən? Dedim, Akif Nağı deyil? Dedi, yox Aşırlıdır. Hirsləndi, dedi mənim də, öz vaxtını da aldın. Amma sonradan onun çıxışını yazıb sayta verdim".

Müsahibələrinə görə təriflənən müxbir



Saytın reportaj və müsahibələrindən cavabdeh olan Namidə Bingöl Aqşinin iradlarına yerincədə cavab verir:

“İrad bildirmək yaxşıdır. Aqşin evə gələndə deyir ki, çox mütaliə et. Bu sahə elədir ki, biz cəhd edirik, müsahib bizə nə verəcək, o məsələ var. Yaxşı müsahibələr olanda tərifləyirlər. İnsanlarla çox böyük həvəslə söhbətləşirəm”.

Xəbər-manşet Günay



Günay Rəsulqızı saytın yeni əməkdaşlarındandır. Deyir ki, bura gələndə 3 gün çox sıxılıb, operativ olmayacağından qorxub.

“Öyrəşə bilmirdim. İşə alışmağım çox çətin idi. Uşaqlar, əsasən də Aqşin çox kömək etdi. Onlar sayəsində yavaş-yavaş addımlar atdım. İndi sosial, mədəni sahələrdən yazıram. Elşad müəllimin bizə ən çox iradı mövzularla bağlı olur. Hər gün bizdən mövzu verməyi tələb edir. Bəzən tənbəllik, məsuliyyətsizlik edirəm. Onda deyir, niyə oprerativ deyilsən? Gündəmi dəyişin, manşet olmalıdır və s. Buna görə də redaksiyada ən çox işlətdiyim sözlər “xəbər, xəbər, manşet, manşet”dir. (Gülür). Bu sözlər evə gedəndə də yadımdan çıxmır”.

Hər şeyin köhnəsi, müxbirin təzəsi



Tərcüməçi Əvəz Zeynal Modern.az-a yeni gəlib. "Yol böyüyündür" deyib susmağa üstünlük verir.

Rahatlığı sevən və işə gecikən jurnalist



Saytın parlament müxbiri Mirmahmud Kazımoğlundan ona ən çox nəyə görə irad tutulduğunu soruşuram: “Bir ay olar işə gec gəlirəm, bir az yorğunluq var. Sumqayıtdan gəlirəm, başa düşürlər. Bir az da özümdə tənbəllik var. Redaktorların başqa iradları da olur, yadımda deyil”.

Mirmahmudun sözü bununla bitmir: “Deputatların əksəriyyəti ilə münasibətlərim yaxşıdır. Bircə dil tapa bilmədiyim Əliağa Hüseynov adlı millət vəkili olub.Onu danışığını bilməyən deputat kimi tanıyıram. Mənə Milli Məclisdə onunla bağlı ölçü götürəcəklərin dedilər. Sonrasını bilmədim, necə oldu”.

Saytın illərdir hər mənada əziyyətini çəkənlərdən biri təcrübəli redaktor Əfqan Qafarlıdır. İşlərinin çoxluğundan onu sona saxlamışdıq. Müxbirlərlə söhbətimizi yekunlaşdırıb, indi redaktoru dinləyirik.



Öncə Ə.Qafarlıdan müxbirlərin işindən razı qalıb-qalmadığını soruşdum: “Bəzən nazirlərin vəzifələrin böyük hərflərlə yazırlar. Adam onda əsəbiləşir. Ümumən, xırda səhvlər də olur. Elə böyük bir şey olmur. Formalaşmış gənclərdirlər. Hamı üslubu tutub”.

Bəs onları tərifləməyəcəksiniz?

“Tərifdə bir az xəsisəm. Çalışıram, çox üzlərinə deməyim. Rəhbərliyə deyirəm ki, yazısı yaxşıdır. Aqşin müsahibə götürəndə soruşur necə yazıdır? Deyərdim ki, Aqşinin müsahibələri mətbuatda sayılıb seçilənlərdəndir. "Yaxşı", "əla" dediyim olur. Mirmahmudun parlamentdən eksklüziv xəbərləri də diqqət çəkir. Parlamentə gedən müxbirlərin çoxlarını bəlkə də geridə qoyub. Gülşəni tərifləyə bilərəm ki, korrektor kimi bizim səhvlərimizi vaxtında və yerində deyir. Məsələn, sayta yazı qoyanda özümüzdə məsuliyyət hiss edirik, fikirləşirik ki, Gülşən görəsən hansı səhvi tutacaq?"



Bir az da 9 illikdən...

Ə.Qafarlı: “Elşad müəllim təşkilatçı-menecer kimi bacarıqlıdır. Onunla işləmək bizim üçün yaxşı bir iş ortamı yaradır. 2009-cı ildə kiçik komanda ilə fəaliyyətə başlamışdıq. Hədəfimiz bu idi ki, mətbuatda öz yerimizi tutaq. Ən əsas da sayılıb-seçilən və etibar edilən media qurumu olaq. İstədiyimizi etdik. İndi Modern.az həyatımızın bir parçasıdır, ailəmizdir, evimizdir”.

Sonda biz də AzVision.az kollektivi adından həmkarlarımızı təbrik edir, işlərində yeni-yeni uğurlar arzulayırıq.

















Şahanə Rəhimli
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: Modern.az  





Xəbər lenti