Sahil Babayev vətəndaşları qəbul edəcək

  01 Sentyabr 2018    Oxunub : 4957
Sahil Babayev vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, 2018-ci il sentyabrın 21-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Göygöl rayonunda Göygöl, Daşkəsən, Samux rayonlarının və Gəncə şəhərinin sakinlərini fərdi qaydada qəbul edəcək.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, qəbul zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, sosial sığorta münasibətləri, tibbi-sosial ekspertiza və reabilitasiya, məşğulluğun təmin olunması) aid vətəndaşların müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar sentyabrın 18-dək ad, soyad, ata adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə ([email protected] elektron ünvana və ya poçt vasitəsilə) və ya “142-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq qəbula yazıla bilər.

Qəbul müraciət edənlərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında aparılacaq.

AzVision.az

Teqlər: ƏƏSMN   Sahil-Babayev