"Prosesdə İlham Əliyevin çox böyük əməyi var" - Ərdoğan

"Prosesdə İlham Əliyevin çox böyük əməyi var" - Ərdoğan
  04 Sentyabr 2018    Oxunub:2097
“Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində Türkiyənin və digər ölkələrin dəstəyi önəmlidir. Türk dünyası olaraq, sülh və sabitliklə bağlı hər bir məsələyə böyük diqqət yetirməliyik. Bu baxımdan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün əlimizdən gələni etməyə davam edəcəyik”.
AzVision.az xəbər verir ki, bunu sentyabrın 3-də Qırğız Respublikasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşündə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə prezidenti qeyd edib ki, 2009-cu ildə Naxçıvan Sazişi ilə qurulan Türk Şurasının ötən müddətdə təşkilati cəhətdən gücləndiyi görünür: “Şübhəsiz, bu prosesdə türk dünyasının ağsaqqalı hörmətli Nazarbayevin və Azərbaycan Prezidenti hörmətli qardaşım İlham Əliyevin çox böyük əməyi var. Bakı-Tbilisi-Qars dəmir yolu da xalqlarımızın yaxınlaşmasına xidmət edir.

Xəzərdən keçməklə Qafqazı və Orta Asiyanı aşaraq Çinə qədər uzanan “Şərq-Qərb Orta Dəhliz” təşəbbüsünə önəm veririk. “Müasir İpək Yolu – Orta Dəhliz” kimi tanınan bu layihənin ən önəmli mərhələsi Azərbaycan ilə birlikdə həyata keçirdiyimiz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Beləliklə, Qərbi Avropadan çıxan bir qatar dayanmadan Xəzər sahillərinə, oradan da Aktau limanı vasitəsilə Şanxaya və Seula çata biləcək. Bu mühüm nəqliyyat xətti xalqlarımızın rifah səviyyəsinin artmasına və münasibətlərimizin inkişafına töhfə verəcək.

Enerji sahəsində də əlaqələrin inkişaf etdirilməsinə önəm veririk. Bakı-Tbilisi-Ceyhan xam neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri layihələri bu əməkdaşlığın ən önəmli bəhrələridir. Cənub Qaz Dəhlizinin bel sütunu olan TANAP-ı da iyun ayında işə saldıq”.

AzVision.az


Teqlər: Ərdoğan  





Xəbər lenti