DSX-nın hərbi qulluqçusu həyatını itirib - Yenilənib

DSX-nın hərbi qulluqçusu həyatını itirib - Yenilənib
  04 Sentyabr 2018    Oxunub:3155
Dövlət Sərhəd Xidməti (DSX) sərhəd buraxılış məntəqəsindəki yol qəzası ilə bağlı məlumat yayıb.
DSX-dan AzVision.az-a bildirilib ki, 2018-ci ilin sentyabr ayının 3-də saat 21:10 radələrində “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsinin rejim zonasında Azərbaycan ərazisindən Gürcüstan istiqamətində hərəkət edən "GG-415-YY GEO" dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü 1993-cü il təvəllüdlü Gürcüstan vətəndaşı Ajevanidze Levanın idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi buraxılış məntəqəsinin darvazısını sındırıb və Dövlət Sərhəd Xidmətinin həmin yerdə xidmət aparan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu 1994-cü il təvəllüdlü çavuş Süleymanov Ələnnur Xəlilulla oğlunu vurub.

Hərbi qulluqçu aldığı xəsarətlərdən vəfat edib, hadisə zamanı 1 ədəd minik avtomobili əzilib və 2 nəfər mülki şəxsə yüngül xəsarət yetirilib. Ağır nəticələrə səbəb olan qəza hadisəsini törətmiş sürücü saxlanılıb və Qazax rayon Polis şöbəsinə təhvil verilib. Hazırda hadisə ilə əlaqədar istintaq tədbirləri həyata keçirilir.

DSX rəhbərliyi xidməti vəzifələrinin icrası zamanı həlak olmuş çavuş Süleymanov Ələnnur Xəlilulla oğlunun vəfatından kədərləndiyini bildirir, mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

**

Sentyabrın 4-də Gürcüstanla sərhəddə yerləşən Qırmızı Körpü (Şıxlı) gömrük-sərhəd keçid məntəqəsində insan ölümü ilə nəticələnən qəza hadisəsi baş verib. AzVision.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin birgə məlumatında bildirilir: “Gürcüstana "bitum" yükü aparan nəqliyyat vasitəsi gömrük nəzarəti zonasını tərk etdikdən sonra Gürcüstan ərazisinə daxil olarkən qəza hadisəsi törədib. Qəza nəticəsində gömrük-sərhəd keçid məntəqəsinin ərazisində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu həyatını itirib.

İlkin ehtimala görə qəza avtomobilin əyləc sistemində yaranan nasazlıq səbəbindən baş verib. Hazırda hüquq mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. Qəzanın əsl səbəbi araşdırmalardan sonra məlum olacaq.

Qəza nəticəsində gömrük-sərhəd keçid məntəqəsinin fəaliyyətində yaranan qısamüddətli fasilə həyata keçirilən tədbirlər nəticəsində aradan qaldırılıb. Hazırda Qırmızı Körpü (Şıxlı) gömrük-sərhəd keçid məntəqəsi normal iş rejimində fəaliyyətini davam etdirir”.

AzVision.az


Teqlər: DSx   Qəza  





Xəbər lenti